Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb. Danışıqlarda Azərbaycanın Çexiyanın ən iri neft təchizatçısı olduğu vurğulanıb, iki ölkə arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
MSNews.az xəbər verir ki, görüş “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.
Görüş zamanı Andrey Babiş 2026-cı ilin aprelində Azərbaycana rəsmi səfərini və Qəbələdə Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Tərəflər həmin səfər zamanı müzakirə edilən məsələlərin həyata keçirilməsi istiqamətində yaxşı nəticələr əldə olunduğunu vurğulayıblar.
Danışıqların əsas mövzularından biri Azərbaycan və Çexiya arasında iqtisadi-ticari əlaqələrin inkişafı olub. Liderlər birgə investisiya layihələrinin həyata keçirilməsi və iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini müzakirə ediblər.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rola da xüsusi diqqət yetirilib.
Azərbaycanın Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edilərək, enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tərəflər ikitərəfli iqtisadi münasibətlərin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.