Finlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Rusiya ilə birbaşa dialoqu bərpa etməsinin vacibliyini bəyan edib. O, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını müsbət qiymətləndirərək Kremlin rəhbərini diqqətli, analitik düşüncəli və təmkinli həmsöhbət kimi xarakterizə edib.
MSNews.az xəbər verir ki, Stubb bu barədə noyabrın 11-də Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunan müsahibəsində danışıb.
“Danışıqlarda iştirak etmək istəyiriksə, susub mikrofonumuzu söndürə bilmərik. Ruslarla birbaşa danışmalıyıq”, – deyə Finlandiya Prezidenti bildirib.
Stubb oktyabrın 27-də Norveçin Baş naziri Yon Qaras Störe ilə birlikdə Putinlə keçirdiyi telefon danışığını yaxşı və açıq söhbət kimi qiymətləndirib.
“Putin çox diqqətli, analitik düşüncəli, yaxşı hazırlaşmış və danışıq zamanı tamamilə sakit idi. O, dinləməyi də bacarır”, – deyə Stubb vurğulayıb.
Finlandiya lideri bununla belə, Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. Onun sözlərinə görə, Putin hələ də Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəbul etmir.
Stubb Avropanın təhlükəsizlik məsələlərində yalnız ABŞ-a arxalanmasını da düzgün hesab etmədiyini bildirib.
“Ən vacib məsələ Avropanın təhlükəsizliyinə görə məsuliyyəti ABŞ-ın üzərinə qoymamaqdır”, – deyə o qeyd edib.
Finlandiya Prezidentinin fikrincə, ABŞ-ın Rusiya və Ukrayna ilə bağlı siyasəti Avropanın maraqlarına uyğun gəlmədiyi təqdirdə, Avropa ölkələri diplomatik danışıqlarda daha fəal iştirak etməlidirlər.
Qeyd edək ki, Stubb və Störenin Putinlə 27 oktyabrda keçirdiyi təxminən 90 dəqiqəlik telefon danışığı Ukrayna ilə məsləhətləşmələr əsasında təşkil olunub. Finlandiya və Norveç liderləri danışıqlarda bütün Avropanı deyil, öz ölkələrini təmsil etdiklərini bildiriblər.