Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə adlandırıb. O bildirib ki, mövcud sənəddə əksini tapan yanaşmalar müstəqil dövlətin uzunmüddətli mövcudluğu ilə uyğun gəlmir və Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var.
MSNews.az xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 29-da hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
Ermənistanın Baş naziri Müstəqillik Bəyannaməsini sərt tənqid edərək sənəddəki ideoloji yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
“Bu mətnlə müstəqil dövlətin mövcudluğu mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyü haqqındadır”, – deyə Paşinyan bildirib.
O, Ermənistanın öz tarixindən nəticə çıxarmalı olduğunu söyləyib.
Baş nazirin sözlərinə görə, Müstəqillik Bəyannaməsindəki ideologiyadan imtina edilməsi Azərbaycanın və ya hər hansı başqa xarici qüvvənin tələbləri ilə deyil, Ermənistanın milli maraqları ilə bağlıdır.
Ermənistanın 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı 1989-cu il qərarına istinad yer alır.
Hazırkı Konstitusiyanın preambulasında isə Müstəqillik Bəyannaməsində təsbit edilmiş prinsiplərə istinad edilir.
Azərbaycan tərəfi bu müddəaları ərazi iddialarının hüquqi əsaslarının saxlanılması kimi qiymətləndirir və sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayır.
Paşinyan da daha əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu açıqlamışdı.
Onun fikrincə, həmin istinadın saxlanılması Qarabağ hərəkatının davam etdirilməsi və münaqişə məntiqinə qayıdılması anlamına gələ bilər.
Paşinyan bildirib ki, yeni Konstitusiyanın hazırlanması hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramında yer alıb.
Baş nazirin sözlərinə görə, parlament seçkilərində çoxluq əldə etmiş hakim partiya bu siyasi öhdəliyini həyata keçirməlidir.
Yeni Konstitusiya layihəsinin yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi, daha sonra vətəndaşların və parlament nümayəndələrinin iştirakı ilə geniş müzakirələrin aparılacağı gözlənilir.
Paşinyan konstitusiya məsələsinin Ermənistanın daxili işi olduğunu və bunun xarici dövlətlərlə müzakirə edilməyəcəyini də vurğulayıb.
Baş nazir yeni Konstitusiyanın qəbul edilməsi üçün müxalifətin dəstəyinin lazım olduğunu etiraf edib.
O, hökumətlə müxalifət arasında fikir ayrılıqlarının növbədənkənar parlament seçkilərinə səbəb olacağı ehtimalını aşağı qiymətləndirib.
“Düşünürəm ki, müxalifətə imtina edə bilməyəcəyi bir təklif verə biləcəyəm. Növbədənkənar seçkilərə ehtiyac yaranmaması ehtimalı çox yüksəkdir”, – deyə Paşinyan bildirib.
Baş nazir təklifin məzmununu açıqlamayıb. Bununla belə, o, cəmiyyətin müxalifət üzərində ictimai təzyiqinin artması nəticəsində konstitusiya referendumunun keçirilməsi üçün zəruri parlament dəstəyinin əldə oluna biləcəyini söyləyib.
Paşinyan Azərbaycanla sülhün möhkəmləndirilməsini hökumətinin əsas prioritetlərindən biri adlandırıb.
O bildirib ki, məqsədi iki ölkə arasında əldə edilən sülhü hüquqi və institusional baxımdan dayanıqlı vəziyyətə gətirməkdir.
Bununla belə, Baş nazir Konstitusiya dəyişikliyinin Azərbaycanla sülh sazişinin imzalanmasına avtomatik zəmanət verəcəyini söyləməyib.
Hazırda Ermənistanın yeni Konstitusiya layihəsi hələ dərc olunmayıb və onun qəbul edilməsi barədə yekun qərar verilməyib.