ABŞ əhalisinin böyük əksəriyyəti Prezident Donald Tramp administrasiyasının İranla apardığı müharibənin dayandırılmasını istəyir. Reuters/Ipsos-un son sorğusuna əsasən, amerikalıların 71%-i Konqresin hərbi əməliyyatlara son qoyulmasına yönəlmiş qanun qəbul etməsini dəstəkləyir.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 10-da Reuters agentliyi məlumat yayıb. Sorğu noyabrın 6–9-da ABŞ üzrə 1705 yetkin şəxs arasında keçirilib. Statistik xəta payı təxminən 2 faiz bəndidir.
Nəticələrə görə, müharibənin dayandırılmasını demokratların 93%-i, müstəqil seçicilərin 70%-i və respublikaçıların 51%-i dəstəkləyir. Respondentlərin 24%-i isə belə qanunun qəbuluna qarşı çıxır.
Noyabrın 3-də keçirilmiş aralıq seçkilərində Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluq qazanıb. Yeni Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Demokratların rəhbərliyi İranla müharibənin dayandırılmasına və Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarının ləğvinə çalışacağını bildirib.
Sorğu iştirakçılarının 62%-i Trampın idxal rüsumlarının ləğvini dəstəkləyir. Respondentlərin təxminən 90%-i isə yeni Konqresin fəaliyyətinin ilk 100 günündə yaşayış xərclərinin azaldılmasına üstünlük verməsini istəyir.
Araşdırma Trampın ictimai dəstəyinin aşağı səviyyədə qaldığını da göstərib. Amerikalıların 32%-i prezidentin fəaliyyətini bəyənir, 65%-i isə bəyənmir.
Respublikaçılar Partiyasına müsbət münasibət bəsləyənlər 35%, mənfi münasibət göstərənlər 60% təşkil edir. Demokratlar Partiyası üçün müvafiq göstəricilər 45% və 51%-dir.
İmpiçment məsələsində də fikir ayrılıqları müşahidə olunur. Respondentlərin 42%-i Trampa qarşı impiçment təşəbbüsünün ölkə üçün zərərli olacağını düşünür, 33%-i isə belə addımı müsbət qiymətləndirir.
Bununla belə, Konqresin qanun qəbul etməsi müharibənin avtomatik dayandırılması demək deyil. Prezident qanuna veto qoya bilər və vetonun aradan qaldırılması üçün hər iki palatada üçdəiki səs çoxluğu tələb olunur.