ABŞ və İran 60 günlük Hörmüz sazişinə yaxınlaşır

"Axios"-un məlumatına görə, ABŞ və İran Hörmüz boğazının açılması, bəzi sanksiyaların yumşaldılması və nüvə danışıqlarının bərpasını nəzərdə tutan 60 günlük müvəqqəti sazişə yaxınlaşır.

1

ABŞ və İran Hörmüz boğazının yenidən açılması, Tehrana qarşı bəzi sanksiyaların yumşaldılması və İranın nüvə proqramı üzrə danışıqların bərpasını nəzərdə tutan 60 günlük müvəqqəti razılaşmaya yaxınlaşır.

Bu barədə “Axios” ABŞ rəsmisinə və danışıqlarla tanış olan mənbələrə istinadən məlumat yayıb. “Reuters” də “Axios”-a istinadla yazır ki, layihə 60 günlük atəşkəs müddətinin uzadılmasını, Hörmüz boğazının açılmasını, İranın neft satışına müəyyən imkan yaradılmasını və nüvə proqramı ilə bağlı danışıqların başlanmasını nəzərdə tutur.

Məlumata görə, layihə çərçivəsində İran Hörmüz boğazında yerləşdirdiyi minaların təmizlənməsi və gəmilərin sərbəst hərəkətinə imkan verilməsi üzrə öhdəlik götürməlidir. Bunun müqabilində ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı yumşaltmalı və Tehranın neft ixracına imkan verəcək bəzi sanksiya istisnaları tətbiq etməlidir.

Sənəd layihəsində İranın nüvə proqramı ilə bağlı da mühüm bəndlər yer alır. “Axios”-un məlumatına görə, Tehran nüvə silahı əldə etməmək, uranın zənginləşdirilməsinin dayandırılması imkanını müzakirə etmək və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının ləğvi məsələsi üzrə danışıqlarda iştirak etmək barədə öhdəlik götürməlidir. ABŞ tərəfi isə sanksiyaların ləğvi və dondurulmuş İran aktivlərinin açılması məsələsini yalnız Tehranın yoxlanıla bilən güzəştlərindən sonra müzakirə etməyə hazır olduğunu bildirir.

“Axios”-un yazdığına görə, Vaşinqtonun əsas yanaşması “güzəşt müqabilində yumşalma” prinsipinə əsaslanır. ABŞ rəsmisi bildirib ki, İran nüvə materialı və zənginləşdirmə məsələsində nə qədər çox güzəştə getsə, bir o qədər geniş sanksiya yumşalması ala bilər. Eyni zamanda, ABŞ qüvvələrinin razılaşmanın müvəqqəti mərhələsində regionda qalacağı, yalnız yekun saziş əldə olunacağı halda geri çəkilmə məsələsinin gündəmə gələ biləcəyi bildirilir.

Sənəd layihəsinə İsrail və Livandakı “Hizbullah” hərəkatı arasında döyüşlərin dayandırılması ilə bağlı bəndin də daxil edildiyi bildirilir. “Ahram Online”-ın “Axios”-a istinadən yaydığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu bu bənd və sazişin digər bəzi aspektləri ilə bağlı narahatlığını ABŞ tərəfinə çatdırıb. ABŞ rəsmiləri isə İsrailin “Hizbullah”ın yenidən silahlanması və ya hücumları halında özünü müdafiə etmək hüququnu saxlayacağını qeyd ediblər.

Bununla belə, razılaşmanın hələ yekunlaşmadığı bildirilir. “Axios” yazır ki, Ağ Ev sazişin bazar günü elan ediləcəyini gözləmir və sənədin İran rəhbərliyi tərəfindən təsdiqi bir neçə gün çəkə bilər. ABŞ rəsmiləri danışıqlarda irəliləyiş olduğunu desələr də, razılaşmanın hələ də pozula biləcəyini istisna etmirlər. Donald Tramp isə danışıqların tələsdirilməyəcəyini, ABŞ blokadasının razılaşma “əldə edilən, təsdiqlənən və imzalananadək” qüvvədə qalacağını bildirib.

Mümkün razılaşmanın əsas məqsədi regionda daha genişmiqyaslı müharibənin qarşısını almaq, Hörmüz boğazı ətrafında gərginliyi azaltmaq və qlobal neft bazarlarına təzyiqi zəiflətməkdir. Lakin sazişin taleyi İranın nüvə proqramı, sanksiyaların mərhələli yumşaldılması və İsrailin təhlükəsizlik narahatlıqları kimi həssas məsələlər üzrə yekun razılaşmadan asılı olacaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.