ABŞ-ın müdafiə naziri Pit Heqset və onu müşayiət edən şəxslər Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin Məzarı önündə yüksək səslə danışdıqları və güldükləri üçün hərbi keşikçi tərəfindən xəbərdar ediliblər. Pentaqon isə əsgərin davranışını haqlı hesab edib.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 11-də ABŞ-da qeyd olunan Veteranlar Günü münasibətilə keçirilən anım mərasimindən sonra baş verib.
Bu barədə CNN məlumat yayıb.
Yayılan videogörüntülərdə Heqsetin həyat yoldaşı Cennifer Heqset və yüksəkvəzifəli müşavirləri ilə birlikdə məzar kompleksinin pilləkənləri qarşısında xatirə şəkilləri çəkdirdiyi görünür.
Qrup ərazidən uzaqlaşarkən iştirakçılardan birinin ucadan güldüyü eşidilib. Bundan sonra məzarın mühafizəsini həyata keçirən əsgər onlara tərəf dönərək yüksək səslə xəbərdarlıq edib:
“Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar!”
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Bununla belə, gülən şəxsin məhz Heqset olduğu müəyyən edilməyib.
Pentaqonun baş sözçüsü Şon Parnell insidentə münasibət bildirərək əsgərin haqlı olduğunu etiraf edib.
“Müdafiə naziri və bütün departament hərbi qulluqçularımızın Amerikanın təhlükəsizliyini təmin etmək üçün verdiyi qurbanlara həmişə hörmət edib və bundan sonra da hörmət edəcək. Bu anım günündə əsgər tamamilə haqlı və hörmətli şəkildə hər kəsə davranış qaydalarına riayət etməyi xatırladıb”, – deyə Parnell bildirib.
Qeyd edək ki, Arlinqtondakı Naməlum Əsgərin Məzarı ABŞ-ın ən mühüm hərbi memoriallarından biridir. Burada şəxsiyyəti müəyyən edilməmiş amerikalı hərbçilərin qalıqları dəfn olunub. Memorial 1948-ci ildən bəri gecə-gündüz hərbi keşikçilər tərəfindən qorunur.