Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu sammiti çərçivəsində görüşə bilərlər.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan mediasına istinadən Ermənistanın “NEWS.am” nəşri məlumat yayıb. Nəşr tərəflər arasında ikitərəfli görüş ehtimalının olduğunu, lakin bunun hələlik rəsmi təsdiqlənmədiyini bildirib.
Hər iki ölkənin lideri Dublində keçirilən beynəlxalq sammitdə iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də sammitin keçirildiyi Dublin Konqres Mərkəzinə gəlib. Onu İrlandiyanın Baş naziri Mixol Martin qarşılayıb.
Ermənistan hökumətinin noyabrın 11-də yaydığı rəsmi məlumata görə, Nikol Paşinyanın İrlandiyaya səfəri çərçivəsində xarici ölkələrin liderləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Lakin həmin görüşlərin iştirakçıları açıqlanmayıb.
Avropa Siyasi Birliyinin 9-cu sammiti Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martinin həmsədrliyi ilə keçirilir. Tədbirə 48 dövlət və hökumət başçısı dəvət olunub.
Sammitin əsas müzakirə mövzuları Avropanın təhlükəsizliyi, siyasi sabitlik, iqtisadi rəqabətqabiliyyətliliyi, enerji və nəqliyyat əlaqələrinin inkişafıdır.
Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında Dublində ayrıca görüşün keçiriləcəyi barədə hələlik rəsmi açıqlama verilməyib.