İrlandiya Ukrayna ilə dəniz dronları istehsal edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Sığınacaqlar Koalisiyasında fəal iştirak edəcəyini açıqlayıb. Dublin və Kiyev dəniz dronlarının birgə istehsalı və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə edir.

11

İrlandiya Ukraynanın mülki əhalisinin təhlükəsizliyini gücləndirməyə yönəlmiş Sığınacaqlar Koalisiyasının fəaliyyətində iştirak edəcək. Eyni zamanda, Kiyev və Dublin dəniz dronlarının birgə istehsalı və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edirlər.

MSNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 11-də İrlandiyanın paytaxtı Dublində Baş nazir Mixol Martinlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Zelenski irlandiyalı həmkarını cəbhədəki son vəziyyət və Rusiyanın Ukrayna infrastrukturuna endirdiyi zərbələrin nəticələri barədə məlumatlandırıb. O, İrlandiyaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Biz razılaşdıq ki, İrlandiya Sığınacaqlar Koalisiyasında fəal iştirak edəcək. Bu dəstəyə görə təşəkkür edirəm”, – deyə Ukrayna Prezidenti bildirib.

Görüşdə tərəflər “Drone Deal” adlı dron əməkdaşlığı təşəbbüsünü də müzakirə ediblər. Zelenskinin sözlərinə görə, əsas prioritet dəniz dronları və dənizdə təhlükəsizliyin təmin olunmasıdır.

“Biz İrlandiya ilə birgə istehsala hazırıq. Ümid edirik ki, dronlarla bağlı əməkdaşlığımız həyata keçiriləcək”, – deyə Zelenski vurğulayıb.

İrlandiyanın Baş naziri Mixol Martin isə ölkəsinin Müdafiə Nazirliyinin Ukrayna ilə dron texnologiyaları və istehsalı sahəsində mümkün əməkdaşlıq memorandumu üzərində işlədiyini bildirib. “The Irish Times” nəşrinin məlumatına görə, İrlandiya Ukraynanın pilotsuz sistemlər sahəsində təcrübəsindən dəniz təhlükəsizliyi üçün yararlanmaq istəyir.

Qeyd edək ki, dronların birgə istehsalına dair yekun sazişin imzalandığı açıqlanmayıb. Hazırda tərəflər əməkdaşlığın praktiki mexanizmlərini müzakirə edirlər.