Polşada Müstəqillik yürüşündə irqçi şüar açıldı

Polşanın paytaxtı Varşavada Müstəqillik Günü münasibətilə keçirilən kütləvi yürüşdə “Avropanı yenidən ağ edək” şüarı yazılmış böyük banner nümayiş etdirilib. Tədbirdə Prezident Karol Navrotski də iştirak edib.

8

Polşanın paytaxtı Varşavada Müstəqillik Günü münasibətilə keçirilən kütləvi yürüş zamanı bəzi iştirakçılar “Avropanı yenidən ağ edək” (Make Europe White Again) şüarı yazılmış böyük banner nümayiş etdiriblər. İrqçi məzmunlu şüar ölkədə siyasi mübahisələrə səbəb olub.

MSNews.az xəbər verir ki, noyabrın 11-də keçirilən yürüşə yüz minlərlə insan qatılıb. “Reuters” agentliyinin məlumatına görə, şəhər rəhbərliyi iştirakçıların sayını 250 min, təşkilatçılar isə 500 min nəfər olaraq qiymətləndiriblər.

Yürüş iştirakçıları Polşa bayraqları daşıyıb, vətənpərvərlik şüarları səsləndiriblər. Bəzi şəxslər qadağaya baxmayaraq, məşəllər və pirotexniki vasitələrdən istifadə ediblər.

İrqçi şüarın əks olunduğu banneri radikal millətçi simvollar daşıyan bir qrup nümayişçi açıb. Polşanın “Gazeta.pl” nəşrinin məlumatına görə, yürüşdə miqrasiya əleyhinə digər şüarlar da nümayiş etdirilib.

Tədbirdə Polşa Prezidenti Karol Navrotski də iştirak edib. Yürüş iştirakçıları onu alqışlarla qarşılayıblar.

Müstəqillik yürüşü uzun illərdir ölkədə siyasi fikir ayrılıqlarına səbəb olur. Baş nazir Donald Tuskun rəhbərlik etdiyi siyasi düşərgənin nümayəndələri tədbirin irqçi və ksenofob fikirlərin yayılması üçün platformaya çevrildiyini bildirirlər.

Yürüşün təşkilatçıları isə bu ittihamları rədd edərək tədbirin milli qürur və vətənpərvərliyin ifadəsi olduğunu vurğulayırlar.

Qeyd edək ki, Polşa hər il noyabrın 11-də 1918-ci ildə 123 illik bölünmə dövründən sonra müstəqilliyini bərpa etməsini qeyd edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30