Ukrayna Prezidenti Volodimir Zelenski xaricdə yaşayan səfərbərlik yaşındakı ukraynalı kişiləri vətənlərinə qayıtmağa çağırıb. Dövlət başçısı bəzi vətəndaşların ölkəni müdafiə etdiyi halda digərlərinin xaricdə qalmasını ədalətsiz adlandırıb.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə noyabrın 11-də İrlandiyanın paytaxtı Dublində Baş nazir Mixol Martinlə birgə mətbuat konfransında danışıb.
Bu barədə “The Irish Times” məlumat yayıb.
“Əgər onlar səfərbərlik yaşındadırlarsa, əlbəttə, Ukraynada olmalıdırlar. Biz onların geri qayıtmasını çox istəyirik”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti müharibə səbəbindən ölkəni tərk edən insanların fərqli şəraitlərlə üzləşdiyini də etiraf edib.
“Bəziləri həyatı və ölkəni müdafiə edir, digərləri isə yox. Bu, ədalətsizlikdir. Amma həyat belədir”, – deyə o vurğulayıb.
Zelenski hesab edir ki, xaricdə yaşayan hərbi xidmətə yararlı kişilərin geri qayıtması ölkənin müdafiəsi baxımından vacibdir.
İrlandiyanın Baş naziri Mixol Martin isə ukraynalı kişilərin məcburi şəkildə ölkələrinə qaytarılmayacağını açıqlayıb. O bildirib ki, Dublin belə bir tədbir həyata keçirməyi planlaşdırmır.