İspaniyanın “Barselona” klubunun 19 yaşlı futbolçusu Lamin Yamal keçmiş futbolçu Jerar Pike və dünya şöhrətli müğənni Şakiranın bir vaxtlar yaşadıqları dəbdəbəli malikanəni təxminən 11 milyon avroya satın alıb.
MSNews.az xəbər verir ki, bu barədə İspaniyanın “Europa Press” agentliyi məlumat yayıb. Futbolçu Barselona yaxınlığındakı Espluqes-de-Lyobreqat ərazisində yerləşən malikanəni 2025-ci ilin sonunda əldə edib.
Üçmərtəbəli malikanədə altı yataq otağı, beş hamam, bir neçə hovuz, futbol meydançası, idman zalı, kinoteatr və şərab zirzəmisi var. Evdə Şakiranın vaxtilə istifadə etdiyi səsyazma studiyası da yerləşir.
Təxminən 3800 kvadratmetrlik ərazini əhatə edən mülk geniş bağçası və müasir infrastrukturu ilə seçilir.
Yamal ötən yaydan etibarən sevgilisi, sosial media fenomeni İnes Qarsiya ilə birlikdə həmin evdə yaşayır. Hazırda futbolçu malikanəni şəxsi zövqünə və peşəkar idmançı kimi ehtiyaclarına uyğunlaşdırmaq üçün təmir işləri aparır.
“Europa Press”in yaydığı görüntülərdə cütlüyün təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə malikanəyə gəldiyi əks olunub.