Çin alimləri saç tökülməsinin qarşısını almaq və saçların yenidən uzanmasını stimullaşdırmaq üçün xüsusi elektron daraq hazırlayıblar. “Detangle” adlı cihaz siçanlar üzərində aparılan sınaqlarda bir ay ərzində tüklərin demək olar ki, tam bərpasına nail olub.
MSNews.az xəbər verir ki, araşdırmanın nəticələri noyabrın 3-də nüfuzlu “Nature Communications” elmi jurnalında dərc edilib.
Çinin Pekin Aeronavtika və Astronavtika Universiteti və Honkonq Şəhər Universitetinin alimləri tərəfindən hazırlanan cihaz adi darağa bənzəsə də, onun dişlərinə zəif elektrik sahəsi yaradan elektrodlar və müalicəvi maddələri ötürən xüsusi modullar yerləşdirilib.
Elektrik impulsları müalicəvi maddələrin dərinin dərin qatlarına, birbaşa saç follikullarına çatdırılmasını asanlaşdırır. Bu üsul saç köklərinin fəaliyyətini stimullaşdırmaq və tüklərin yenidən uzanmasını sürətləndirmək məqsədi daşıyır.
Siçanlar üzərində 28 gün davam edən təcrübədə cihaz hər üç gündən bir tətbiq edilib. Nəticədə müalicə olunan sahənin təxminən 100 faizi yenidən tüklərlə örtülüb.
Müqayisə üçün, saç tökülməsinə qarşı geniş istifadə olunan minoksidil preparatı ilə müalicə edilən siçanlarda bu göstərici təxminən 70 faiz olub.
Alimlərin sözlərinə görə, yeni texnologiya gələcəkdə androgenetik alopesiyanın, yəni irsi və hormonal amillərlə əlaqəli saç tökülməsinin müalicəsində istifadə oluna bilər.
Lakin cihaz hələ yalnız heyvanlar üzərində sınaqdan keçirilib. Onun insanlarda effektivliyi və uzunmüddətli təhlükəsizliyi klinik tədqiqatlarla təsdiqlənməlidir.