Rusiya hərbi istehsalını Çinə köçürür

Rusiyanın hərbi-sənaye kompleksinə bağlı şirkətlər istehsalın bir hissəsini Çinə köçürür. C4ADS-in hesabatı Moskvanın Pekindən texnoloji asılılığının artdığını göstərir.

16

Rusiyanın hərbi-sənaye kompleksinə xidmət göstərən şirkətlər istehsalın bir hissəsini Çinə köçürməyə başlayıblar. Bu proses nəticəsində Çin müəssisələri Rusiyanın mühəndislik texnologiyalarına və istehsal təcrübəsinə çıxış əldə edirlər.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-ın C4ADS tədqiqat mərkəzinin Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlığa dair hesabatında bildirilir. Məlumatı “Vajniye İstorii” və “The Moscow Times” yayıb.

Araşdırmaya əsasən, Rusiyanın ən böyük mikroelektronika istehsalçısı olan “Element” şirkəti 2024-cü ildən etibarən Çində çiplərin yığılmasına başlayıb. Rusiya müdafiə sənayesini elektron komponentlərlə təmin edən şirkət Çində azı dörd törəmə müəssisə qeydiyyatdan keçirib. “Element” 2022-ci ildən ABŞ sanksiyaları altındadır.

Digər nümunə isə Rusiyanın “StankoMaşStroy” dəzgah istehsalçısıdır. Şirkət Çinin “Baoji Machine Tool Group” müəssisəsi ilə birlikdə yüksək dəqiqlikli beşoxlu dəzgahların istehsalını təşkil etməyi planlaşdırır. Onun müştəriləri arasında ballistik raketlər və hava hücumundan müdafiə sistemləri istehsal edən Rusiya müəssisələri də var.

Bununla belə, C4ADS mütəxəssisləri “StankoMaşStroy”un Çində istehsala artıq başladığını təsdiqləyə bilməyiblər. Lakin şirkətin sahibi Oleq Koçetkovun bu ölkədə “Shaanxi Stermasi Technology” adlı müəssisə qeydiyyatdan keçirdiyi müəyyən edilib.

Eyni zamanda, “Kommersant” nəşrinin məlumatına görə, Rusiyanın Birləşmiş Mikroelektronika Şirkəti də Çindəki kiçik fabriklərdə pay almaq imkanlarını nəzərdən keçirib. Məqsəd Rusiya sifarişçilərinin mikrosxem istehsalı imkanlarına çıxışını təmin etməkdir.

C4ADS-in qiymətləndirməsinə görə, Qərb sanksiyaları və Ukraynadakı müharibə Rusiyanın Çin texnologiyalarından və istehsal güclərindən asılılığını artırır.

Tədqiqat mərkəzinin baş analitiki Allen Maqqard hesab edir ki, qısamüddətli dövrdə Rusiya istehsal imkanları qazansa da, uzunmüddətli perspektivdə Çin daha çox fayda əldə edə bilər. Belə ki, Rusiya mühəndislərinin təcrübəsi və texnoloji işləmələri Pekinin öz hərbi sənayesini inkişaf etdirməsinə şərait yaradır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031