Almaniyada 31 oktyabr həyəcanı: 21 şəhərdə etirazlar gözlənilir

Almaniyada "Z" nəslinin təşəbbüsü ilə 31 oktyabrda kütləvi etirazlar planlaşdırılır. Təhsil, bahalaşma və hərbi xidmət əleyhinə aksiyalar öncəsi təhlükəsizlik tədbirləri gücləndirilir.

11

Almaniyada oktyabrın 31-də ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Gənclərin təşəbbüsü ilə təşkil olunan nümayişlər 21 şəhəri əhatə edəcək. Hakimiyyət orqanları isə mümkün qarşıdurmalarla bağlı təhlükəsizlik hazırlıqlarına başlayıb.

MSNews.az xəbər verir ki, “Deutsche Welle”nin məlumatına görə, “Gen Z regelt” (“Z nəsli vəziyyəti idarə edir”) adlı gənclər hərəkatı Berlin, Hamburq, Köln, Münxen və digər şəhərlərdə minlərlə insanın iştirakı ilə nümayişlər keçirməyə çağırıb.

Etirazların əsas səbəbləri arasında məktəblərin bərbad vəziyyəti, təhsil və sosial xərclərin azaldılması, yaşayış qiymətlərinin yüksəlməsi, sosial bərabərsizlik, məcburi hərbi xidmət planları və iqlim dəyişikliyi göstərilir.

Təşkilatçılar bildirirlər ki, məqsədləri gənclərin gələcəyi ilə bağlı siyasi qərarlarda daha çox söz sahibi olmasına nail olmaqdır. Aksiyaların oktyabrın 31-də yerli vaxtla saat 14:00-da başlaması nəzərdə tutulur.

“Tagesschau”nun oktyabrın 21-də yaydığı məlumata görə, həmin tarixə qədər təşkilatçıların platformasında 10 mindən çox insan etirazlara qatılmaq niyyətini bildirib. Lakin faktiki iştirakçı sayının nə qədər olacağı hələ məlum deyil.

Almaniya təhlükəsizlik qurumları aksiyaların radikal qruplar tərəfindən istifadə oluna biləcəyindən narahatdır. Daxili işlər naziri Aleksandr Dobrindt ekstremist qüvvələrin etirazlara müdaxilə ehtimalı barədə xəbərdarlıq edib. Polis nümayişlərin dinc keçirilməsi üçün tədbirlər hazırladığını açıqlayıb.

“ZDF”nin məlumatına görə, Almaniya hakimiyyəti xüsusilə Fransada və digər Avropa ölkələrində baş verən zorakı qarşıdurmaların təkrarlanmaması üçün vəziyyəti diqqətlə izləyir. Təşkilatçılar isə istənilən zorakılığa qarşı olduqlarını bəyan ediblər.

Bununla yanaşı, Almaniyanın Şagirdlərin Federal Konfransı (BSK) oktyabrın 24-də mühüm açıqlama yayıb. Qurum əvvəlcə gənclərin dinc etiraz etmək hüququnu və təhsillə bağlı tələblərini dəstəkləsə də, sonradan 31 oktyabr aksiyalarının mövcud təşkilati formasından uzaqlaşdığını bildirib.

BSK bu qərarı təşkilati şəffaflığın yetərli olmaması və gənclərin tələblərinin siyasi məqsədlərlə istifadə edilməsi riski ilə əsaslandırıb. Qurum noyabr ayında ayrıca dinc etirazlar təşkil etməyi planlaşdırır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.