Rusiyada miqrantların telefon vasitəsilə izlənilməsini nəzərdə tutan “Amina” tətbiqinin ölkənin bütün regionlarında istifadəyə verilməsi gündəmə gəlib. Hazırda Moskva və Moskva vilayətində tətbiq edilən sistem xarici vətəndaşların yerləşdiyi ərazi barədə məlumatları avtomatik olaraq Daxili İşlər Nazirliyinə ötürür. Yeni mexanizm Azərbaycan və digər vizasız rejimə malik ölkələrin vətəndaşlarını da əhatə edə bilər.
MSNews.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev oktyabrın 22-də dövlət miqrasiya siyasəti üzrə idarələrarası komissiyanın iclasından sonra açıqlama verib.
Medvedevin rəsmi saytında yayılan bəyanatına əsasən, “Amina” tətbiqi Moskva və Moskva vilayətində keçirilən sınaqlar zamanı effektivliyini göstərib.
“Moskva və Moskva vilayətində sistem öz səmərəliliyini sübut edib. Bu təcrübə mərhələli şəkildə Rusiyanın digər regionlarına da yayıla bilər”, – deyə Medvedev bildirib.
“Amina” tətbiqi Rusiyada yaşayan və işləyən əcnəbilərin miqrasiya qeydiyyatını elektron formada həyata keçirmək üçün hazırlanıb. Proqram istifadəçinin telefonunun geolokasiya məlumatlarını avtomatik olaraq Rusiya Daxili İşlər Nazirliyinə ötürür. Bununla dövlət qurumları miqrantın faktiki yaşayış yerinə dair məlumatları izləyə bilir.
Sistem 2025-ci il sentyabrın 1-dən Moskva və Moskva vilayətində eksperimental qaydada tətbiq olunur. Təcrübənin 2029-cu il sentyabrın 1-dək davam etməsi nəzərdə tutulur.
Hazırda qaydalar, müəyyən istisnalar olmaqla, Rusiyaya vizasız gələn və qanunda göstərilən kateqoriyalara daxil olan xarici vətəndaşlara şamil edilir. Buraya Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan vətəndaşları da daxildir.
Tətbiqin ən çox müzakirə olunan xüsusiyyətlərindən biri geolokasiya məlumatlarının fasiləsiz ötürülməsi tələbidir.
Rusiya Daxili İşlər Nazirliyi üç iş günündən artıq müddətdə telefonun yerləşdiyi yer barədə məlumat almadıqda, xarici vətəndaş miqrasiya qeydiyyatından çıxarıla bilər. Buna telefonun itirilməsi, sıradan çıxması, internet bağlantısının olmaması və ya proqramın düzgün işləməməsi kimi hallar da səbəb ola bilər.
Qeydiyyatın itirilməsi sonradan şəxsin hüquqi statusuna təsir göstərə bilər. Qanuni qalma əsasları olmadıqda həmin şəxs nəzarət edilən şəxslərin reyestrinə daxil edilə və ölkədən çıxarılma riski ilə üzləşə bilər.
Rusiyanın “Agentstvo” nəşrinin məlumatına görə, bəzi istifadəçilər tətbiqin məkan məlumatlarını düzgün müəyyənləşdirmədiyini və ya ötürməni dayandırdığını bildirirlər. Hüquq müdafiəçisi Valentina Çupik də miqrantların həm tətbiqdən istifadə, həm də qeydiyyat sənədləri ilə bağlı problemlərlə qarşılaşdığını açıqlayıb.
Onun sözlərinə görə, bəzi hallarda miqrantlar kağız qeydiyyat sənədi olduğu halda tətbiqin quraşdırılmamasına, digər hallarda isə elektron qeydiyyatı olsa da, kağız sənəd təqdim etməməsinə görə cərimələniblər.
Moskva vilayətinin müvafiq məsləhət mərkəzi də tətbiqdən düzgün istifadə olunmaması nəticəsində xarici vətəndaşların cərimələndiyi və ölkədən çıxarıldığı halların mövcudluğunu bildirib.
Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün yeni mexanizmin əhəmiyyəti xüsusilə böyükdür.
Azərbaycanın Rusiyadakı səfirliyi də rəsmi məlumatında “Amina” tətbiqinin istifadəsi və geolokasiya məlumatlarının ötürülməsi qaydalarına diqqət çəkib.
Mövcud tələblərə əsasən, tətbiq vasitəsilə qeydiyyata alınan vətəndaşlar telefonlarında məkan xidmətlərini aktiv saxlamalı, məlumat ötürülməsini yoxlamalı və yaşayış ünvanı dəyişdikdə bunu müəyyən olunmuş müddətdə bildirməlidirlər.