Avropa “Starlink”ə qarşı birləşir

Avropanın dörd böyük telekommunikasiya operatoru “Starlink”ə alternativ peyk rabitəsi xidməti yaratmaq üçün əməkdaşlığa başlayıb. ABŞ isə Avropa İttifaqının Amerika şirkətlərini məhdudlaşdıracağı təqdirdə ağır iqtisadi cavab tədbirlərinin mümkünlüyü barədə xəbərdarlıq edib.

52

Avropanın dörd ən böyük telekommunikasiya operatoru İlon Maska məxsus “Starlink” peyk şəbəkəsindən asılılığı azaltmaq və alternativ rabitə xidmətləri yaratmaq məqsədilə qüvvələrini birləşdirir. ABŞ isə Avropa İttifaqının Amerika şirkətlərinin bazara çıxışını məhdudlaşdıracağı təqdirdə Avropa biznesinə qarşı ağır cavab tədbirlərinin görülə biləcəyi barədə xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, Almaniyanın “Deutsche Telekom”, Fransanın “Orange”, İspaniyanın “Telefónica” və Böyük Britaniyanın “Vodafone” şirkətləri Avropada peyk rabitəsi xidmətlərinin inkişafı məqsədilə birgə fəaliyyət imkanlarını araşdırmağa başlayıblar.

Dörd şirkət oktyabrın 19-da peyk rabitəsi üçün radiotezlik resurslarının ayrılması prosesində birgə iştirak imkanlarının araşdırılmasına dair niyyət məktubu imzalayıb.

Bu barədə “Deutsche Telekom”un rəsmi açıqlamasında da məlumat verilib.

Təşəbbüsün əsas məqsədi mobil telefonların ənənəvi yerüstü baza stansiyaları olmadan birbaşa peyklərə qoşulmasını təmin edən “Direct-to-Device” (D2D) texnologiyasını inkişaf etdirməkdir.

Bu texnologiya xüsusilə mobil şəbəkənin zəif olduğu və ya ümumiyyətlə mövcud olmadığı ərazilərdə rabitə xidmətlərinin göstərilməsinə imkan yarada bilər.

Şirkətlər yeni peyk qruplaşması yaratmaq və öz peyklərini orbitə buraxmaq əvəzinə, Avropada yerüstü rabitə infrastrukturunu qurmağı və mövcud peyk operatorlarından biri ilə əməkdaşlıq etməyi planlaşdırırlar.

Lakin uyğun tərəfdaşın müəyyən edilməsi əsas çətinliklərdən biridir.

“Financial Times”ın məlumatına görə, qlobal peyk rabitəsi bazarında ABŞ və Çin şirkətlərinin güclü mövqeyi Avropa operatorlarının seçim imkanlarını məhdudlaşdırır.

Fransanın “Eutelsat” şirkəti potensial tərəfdaşlardan biri kimi nəzərdən keçirilə bilər. Bununla belə, şirkətin peyk şəbəkəsinin miqyası “Starlink”in mövcud infrastrukturundan xeyli kiçikdir.

Avropa Komissiyasının planı isə Vaşinqtonla Brüssel arasında yeni fikir ayrılığı yaradıb. Avropa İttifaqı smartfonların peyklərə birbaşa qoşulması üçün istifadə edilən 2 GHz tezlik diapazonunun müəyyən hissəsini Avropa operatorları üçün ayırmağı nəzərdən keçirir.

Bu addım “SpaceX” də daxil olmaqla, ABŞ və Çin şirkətlərinin həmin tezlik resurslarına çıxışını məhdudlaşdıra bilər.

ABŞ-nin Avropa İttifaqındakı səfiri Endryu Pazder təşəbbüsə sərt reaksiya verib.

O, “Financial Times”a müsahibəsində Avropa şirkətlərinin ABŞ bazarında ciddi iqtisadi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

“Onlar bunun baş verə biləcəyini nəzərə almalıdırlar. Amerika bazarının böyüklüyünü nəzərə alsaq, bu, həmin şirkətlər üçün dağıdıcı ola bilər”, – deyə səfir bildirib.

Pazderin sözlərinə görə, Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq üçün Amerika şirkətlərinin imkanlarının məhdudlaşdırılması düzgün yanaşma deyil.

ABŞ diplomatı Vaşinqtonla Brüsselin xüsusilə Çinlə texnoloji rəqabət şəraitində əməkdaşlığı gücləndirməli olduğunu vurğulayıb.

“SpaceX” də Avropa Komissiyasının təşəbbüsünü tənqid edərək belə məhdudiyyətlərin, xüsusilə “Starlink” rabitəsindən istifadə edən Ukraynada xidmət keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirib.

Bununla belə, Avropa İttifaqı “Starlink”in fəaliyyətinə ümumi qadağa tətbiq etmək barədə qərar qəbul etməyib. Hazırkı mübahisə əsasən müəyyən peyk rabitəsi tezliklərinin gələcək bölgüsü və xarici şirkətlərin həmin resurslara çıxışı ilə bağlıdır.

Avropa operatorlarının birgə layihəsi də hələ hazırlıq mərhələsindədir. Şirkətlər potensial tərəfdaş seçməyib və xidmətin istifadəyə veriləcəyi tarix açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti