Avropa Putinlə danışıqlar üçün 5 lideri nəzərdən keçirir

Avropa ölkələri Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə danışıqlarda iştirak edəcək nümayəndələri müəyyənləşdirməyə çalışır. Beş liderin namizədliyi müzakirə olunur.

19

Avropa ölkələri Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Rusiya ilə mümkün danışıqlarda iştirak edəcək nümayəndələri müəyyənləşdirməyə çalışırlar. Hazırda beş Avropa liderinin namizədliyi nəzərdən keçirilir. Bununla belə, danışıqlarda ayrı-ayrı siyasətçilərin deyil, bir neçə ölkə rəhbərindən ibarət qrupun iştirak etməsi daha real variant hesab olunur.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, Avropanı Rusiya ilə danışıqlarda təmsil edə biləcək siyasətçilərin siyahısına İtaliyanın Baş naziri Corcia Meloni, Finlandiya Prezidenti Aleksander Stubb, Çexiya Prezidenti Petr Pavel, Norveçin Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksen daxildir.

Mənbələrdən biri bildirib ki, vahid nümayəndə əvəzinə liderlər qrupunun seçilməsi daha məqsədəuyğun görünür. Bu yanaşma ayrı-ayrı ölkələr arasında rəqabətin və konkret namizədin qəbul edilməməsi riskinin qarşısını almağa yönəlib.

Məlumata görə, Avropada Moskva ilə birbaşa dialoqun bərpasına dair müzakirələr ABŞ Prezidenti Donald Trampın Rusiya ilə apardığı danışıqlar fonunda intensivləşib. Avropa paytaxtlarında Ukraynanın gələcəyi ilə bağlı mümkün razılaşmalarda regionun təhlükəsizlik maraqlarının kifayət qədər nəzərə alınmamasından narahatlıq var.

Bu arada, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın mümkün danışıqlarda nümayəndə rolunu üzərinə götürmək təklifini qəbul etmədiyi bildirilir.

Avropa ölkələri arasında vahid mövqe yoxdur

Danışıqlar üçün nümayəndə seçilməsi məsələsi əvvəllər də Avropa liderlərinin gündəmində olub. İyun ayında keçirilən müzakirələrdə də Moskva ilə diplomatik əlaqələrin hansı formatda bərpa olunacağı barədə fikir ayrılıqları yaranmışdı.

“Associated Press” agentliyinin məlumatına görə, bəzi Avropa ölkələri Rusiya ilə birbaşa dialoqun tərəfdarı olsalar da, digərləri belə danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşırlar.

Çexiya Prezidenti Petr Pavel də daha əvvəl Avropanın danışıqlarda vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayaraq bir nəfərin və ya liderlər qrupunun ümumi mandat əsasında seçilməsini təklif etmişdi.

Hələlik beş namizəddən hər hansı birinin seçilməsi və ya rəsmi danışıqlar qrupunun yaradılması barədə qərar açıqlanmayıb. Müzakirələr ilkin diplomatik mərhələdə davam edir.