Fotoqraf qadına görə futbol klubunda qalmaqal – Qadağa ləğv edildi

Paraqvayın “Sportivo Ameliano” klubu jurnalist və fotoqraflara geyim məhdudiyyəti tətbiq edib. Adriana Kabalero ilə bağlı başlayan qalmaqaldan sonra klub prezidenti üzr istəyərək qərarı ləğv edib.

27
Paraqvayın “Sportivo Ameliano” futbol klubu oyunları işıqlandıran jurnalist və fotoqraflar üçün geyim məhdudiyyəti tətbiq etməsi ilə qalmaqalın mərkəzinə düşüb. Qərara 29 yaşlı idman fotoqrafı Adriana Kabaleronun stadionda çəkilmiş görüntülərinin səbəb olduğu bildirilir. Sosial şəbəkələrdə başlayan etirazlardan sonra klub rəhbərliyi qaydaları ləğv edərək üzr istəyib.

MSNews.az xəbər verir ki, bu barədə Paraqvayın “ABC Color” və Argentinanın “Infobae” nəşrləri məlumat yayıb.

Klubun mətbuat xidməti oktyabrın 25-də “Olimpia” ilə keçiriləcək qarşılaşma ərəfəsində akkreditasiyadan keçmiş media nümayəndələri üçün xüsusi geyim qaydaları yayımlayıb.

Yeni tələblərə əsasən, jurnalist və fotoqraflara şort, dərin dekolteli köynək və qarın nahiyəsini açıq saxlayan geyimlər qadağan edilib. Qadınların yalnız qara və ya tünd-göy rəngli dar idman şalvarlarından istifadə etməsinə icazə verilib.

Klub ilkin açıqlamasında qərarı ailə dəyərlərinin qorunması və stadionda peşəkar mühitin təmin edilməsi ilə əsaslandırıb.

Qalmaqalın mərkəzində 29 yaşlı fotoqraf

Məhdudiyyətlər Adriana Kabaleronun oyunlardan birində işləyərkən çəkilmiş fotosunun sosial şəbəkələrdə yayılmasından sonra gündəmə gəlib.

Kabalero geyimini şəxsi rahatlığına uyğun seçdiyini bildirərək qərardan təəccübləndiyini açıqlayıb. Fotoqraf qaydaların təkcə ona deyil, digər media nümayəndələrinin fəaliyyətinə də mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.

Klub prezidenti üzr istədi

Geyim qadağası sosial şəbəkələrdə geniş müzakirələrə və jurnalistlərin etirazına səbəb olub. “Sportivo Ameliano”nun prezidenti Hektor Melqarexo açıqlamasında qərarın rəhbərliklə razılaşdırılmadan klub əməkdaşlarından biri tərəfindən yayımlandığını bildirib.

“Bu, ağlasığmaz qərardır. Bizim icazəmiz olmadan yayımlanıb və klubumuzun dəyərlərini əks etdirmir. Üzr istəyirəm”, – deyə Melqarexo vurğulayıb.

Klub sonradan rəsmi açıqlama yayaraq geyim məhdudiyyətlərinin tamamilə ləğv edildiyini təsdiqləyib. Jurnalist və fotoqrafların əvvəlki qaydada, özlərini rahat hiss etdikləri geyimlərlə oyunları işıqlandıra biləcəkləri bildirilib.