Tramp Atlantik okeanına öz adını vermək istədi – “Google” razılaşmadı

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının “Tramp okeanı” adlandırılmasını “Google” rəhbərliyinə təklif etdiyini bildirib. Şirkətin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyi iddia olunur.

18
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adının dəyişdirilərək “Tramp okeanı” adlandırılması ideyasını “Google” şirkətinin rəhbərliyinə təqdim etdiyini açıqlayıb. Onun sözlərinə görə, şirkətin baş direktoru Sundar Piçai okeanın çoxsaylı ölkələri əhatə etdiyini əsas gətirərək təklifi rədd edib.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Tramp tərəfdarları qarşısında çıxışı zamanı Atlantik okeanının adını dəyişdirmək üçün “Google Maps” rəhbərliyi ilə əlaqə saxladığını bildirib.

“Sundara dedim ki, Atlantik okeanının adını dəyişdirməyi düşünürəm. Bunun öhdəsindən gələ bilərsinizmi?” – deyə Tramp şirkətin baş direktoru ilə söhbətini xatırladıb.

ABŞ liderinin sözlərinə görə, Sundar Piçai okeanların bir çox ölkəni əhatə etdiyini bildirərək belə bir dəyişiklik etmək istəmədiyini söyləyib.

Tramp bu cavabdan sonra ideyadan imtina edə biləcəyini qeyd edib.

“Düşünürəm ki, Atlantik okeanının adını olduğu kimi saxlayaq”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp çıxışında Sakit okeanın da adının dəyişdirilməsi ehtimalına toxunaraq onun “Amerika okeanı” adlandırılması fikrini zarafatla səsləndirib.

Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirib. Bundan sonra “Google Maps” ABŞ istifadəçiləri üçün yeni adı göstərməyə başlayıb.

Lakin Atlantik okeanı ilə bağlı söhbətin baş verdiyini “Google” şirkəti hələlik müstəqil şəkildə təsdiqləməyib. Sundar Piçainin təklifi rədd etməsi barədə məlumat yalnız Trampın öz açıqlamasına əsaslanır.