Türkiyə döyməsinə görə Almaniya millisindən uzaqlaşdırıldı

Türkiyə əsilli futbolçu Kərəm Dəmirbay Almaniya millisindəki karyerasının Türkiyə xəritəsi döyməsinə görə başa çatdığını iddia edib. O, Almaniyanı seçdiyinə peşman olduğunu bildirib.

18

Türkiyə əsilli futbolçu Kərəm Dəmirbay Almaniya milli komandasında çıxış etdiyinə görə peşman olduğunu açıqlayıb. 33 yaşlı yarımmüdafiəçi 2017-ci ildə vurduğu qoldan sonra Türkiyənin xəritəsini əks etdirən döyməsinin görünməsinin onun Almaniya millisindəki karyerasına mənfi təsir göstərdiyini iddia edib.

MSNews.az xəbər verir ki, hazırda Türkiyənin Kasımpaşa klubunda çıxış edən futbolçu bu barədə jurnalist Yağız Sabuncuoğluya müsahibəsində danışıb.

Onun açıqlamalarını Almaniyanın “Bild” və “Sport1” nəşrləri də yayıb.

Dəmirbay bildirib ki, əvvəlcə Türkiyə millisində oynamaq istəyib və bunun üçün Türkiyə Futbol Federasiyası ilə ilyarım danışıqlar aparıb. Lakin açıqlamaq istəmədiyi müəyyən səbəblərdən Almaniyanı seçib.

“Mənim damarlarımda türk qanı axır. Atam da, anam da türkdür. Mən türkəm. Türkiyə millisində oynamaq istəyirdim, amma bəzi səbəblərdən Almaniyanı seçdim”, – deyə futbolçu bildirib.

“Döyməmi gördükdən sonra məni bir daha çağırmadılar”

2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda Almaniya millisinin heyətində Kameruna qarşı qol vuran Dəmirbay həmin qarşılaşmanın karyerasında dönüş nöqtəsi olduğunu iddia edib.

“Almaniya üçün qol vurduqdan sonra formanı çıxardım və hamı kürəyimdəki Türkiyə döyməsini gördü. Bundan sonra məni bir daha milli komandaya çağırmadılar”, – deyə yarımmüdafiəçi söyləyib.

Futbolçunun sağ kürək nahiyəsində Türkiyənin dövlət sərhədlərinin konturunu əks etdirən döymə var.

Dəmirbay Almaniya futbolunda özünü yad hiss etdiyini də bildirib. Onun sözlərinə görə, Bundesliqada uğurlu çıxış etdiyi dövrdə belə yenidən milliyə dəvət olunmayıb.

“Almaniya millisində oynadığıma peşmanam”

Futbolçu keçmişdə verdiyi qərarı yenidən təkrarlamayacağını vurğulayıb:

“Almaniya millisində oynadığıma peşmanam. İndi məni yenidən çağırsalar belə, qəbul etmərəm. Mən türkəm. Türkiyə millisinin o gözəl formasını heç vaxt geyinmədiyimə görə həmişə təəssüflənəcəyəm”.

Qeyd edək ki, Kərəm Dəmirbay Almaniya millisində cəmi iki oyun keçirib. O, 2017-ci ildə Yoaxim Lövün rəhbərliyi altında millidə debüt edib və həmin il Konfederasiyalar Kubokunun qalibi olub. Kameruna qarşı 3:1 hesabı ilə başa çatan görüşdə Almaniyanın ilk qolunu vurub.