Qana DÇ-2026 üçün yerli liqadan 3 futbolçu çağıra bilər

Qana millisinin 2026-cı il dünya çempionatı üçün yerli çempionatdan üç futbolçu çağıracağı iddia olunur. Bu addım yerli klublara FIFA kompensasiyası hesabına ciddi maliyyə gəliri gətirə bilər.

Qana milli komandasının 2026-cı il dünya çempionatı üçün heyətə yerli çempionatda çıxış edən üç futbolçunu daxil etməyi nəzərdən keçirdiyi bildirilir.

“GhanaSoccernet”-in məlumatına görə, “Black Stars” heyətində Qana Premyer Liqasından üç oyunçunun yer alması həm idman, həm də maliyyə baxımından müzakirə olunur.

Qana DÇ-2026-da “L” qrupunda İngiltərə, XorvatiyaPanama ilə mübarizə aparacaq. Qana Futbol Assosiasiyasının açıqladığı təqvimə əsasən, komanda iyunun 17-də Panama, iyunun 23-də İngiltərə, iyunun 27-də isə Xorvatiya ilə qarşılaşacaq.

Məlumata görə, bu addımın əsas səbəblərindən biri FIFA-nın Club Benefits Programme” mexanizmidir. Bu proqram çərçivəsində dünya çempionatına futbolçu buraxan klublara maddi kompensasiya ödənilir. FIFA 2026-cı il dünya çempionatı ilə bağlı klublara rekord həcmdə — 355 milyon dollar vəsait ayıracaq; bu, 2022-ci il mundialından sonra ödənilən 209 milyon dollardan təxminən 70 faiz çoxdur.

Yerli mediada yayılan hesablamalara görə, FIFA hər futbolçu üçün klublara gündə təxminən 11 min dollar ödəyə bilər. “SportsWorldGhana” yazır ki, hətta Qana qrup mərhələsindən çıxa bilməsə belə, bir futbolçunun mundialda iştirakı yerli klub üçün ciddi maliyyə gəliri yarada bilər.

Bu məbləğin dəqiq həcmi hesablamanın hansı günlər üzərindən aparılmasından asılıdır. Sadəcə qrup mərhələsi müddəti nəzərə alınarsa, klub üçün gəlir təxminən 150 min dollar civarında ola bilər. FIFA-nın kompensasiya dövrünə hazırlıq və buraxılış günləri də daxil edilərsə, bu rəqəm daha yüksək ola bilər. “GhanaSoccernet” təxminən 22 günlük iştirak dövründən danışır ki, bu da klub başına daha böyük kompensasiya deməkdir.

Qana klubları üçün bu məbləğ xüsusilə əhəmiyyətli sayılır. Yerli komandaların büdcələri Avropa klubları ilə müqayisədə xeyli məhdud olduğundan, mundiala bir futbolçu göndərmək belə klubun maliyyə vəziyyətinə ciddi dəstək verə bilər. Bununla yanaşı, yerli futbolçuların DÇ heyətinə düşməsi Qana çempionatının səviyyəsinin tanıdılması baxımından da simvolik addım kimi qiymətləndirilir.

Hazırda məsələ iddia səviyyəsindədir və yekun heyət hələ rəsmən açıqlanmayıb. Qana millisinin son heyət seçimi mundiala hazırlıq prosesi yaxınlaşdıqca dəqiqləşəcək.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.