İstanbulda kritik zirvə: 7 ölkə sülh üçün toplanır

Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri İstanbulda görüşəcək. Ukrayna müharibəsi və Yaxın Şərqdəki böhranlar müzakirə olunacaq.

18

Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda bir araya gələcəklər. Yeddi ölkənin iştirakı ilə keçiriləcək görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması yolları, Yaxın Şərqdəki böhranlar və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

MSNews.az xəbər verir ki, bu barədə “AFP” və “Reuters” Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb. Görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə təşkil olunacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına əsasən, yeddi ölkə ilk dəfə R4+E3 formatında bir araya gələcək. R4 qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misir, E3 formatına isə Böyük Britaniya, Almaniya və Fransa daxildir.

Ukrayna müharibəsi əsas müzakirə mövzularından olacaq

Görüşdə Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılması və münaqişənin Qara dənizə daha geniş miqyasda yayılmasının qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılacaq.

Türkiyə tərəfi Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayacaq. Ankara müharibənin dəniz nəqliyyatına təsirini azaltmaq və tərəflər arasında dialoqu davam etdirmək niyyətindədir.

Yaxın Şərqdəki gərginlik də gündəmdədir

Danışıqlarda Ukrayna ilə yanaşı, Fələstin məsələsi, Yəməndəki vəziyyət, Hörmüz boğazında təhlükəsizlik və ABŞ-İran qarşıdurması da müzakirə ediləcək.

Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Hakan Fidan Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyini, həmçinin regional münaqişələrin diplomatik vasitələrlə həllinin əhəmiyyətini vurğulayacaq.

Ankaranın Yəməndəki husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstəyini bir daha ifadə edəcəyi gözlənilir.

Türkiyə vasitəçilik rolunu gücləndirməyə çalışır

Həm Moskva, həm də Kiyevlə diplomatik əlaqələrini davam etdirən Türkiyə Ukrayna müharibəsinin nizamlanmasında vasitəçilik səylərini gücləndirmək istəyir.

Ankara daha əvvəl Qara dənizdə mülki və ticarət gəmilərinə hücumların dayandırılması istiqamətində tərəflərə təkliflər təqdim edib. Lakin bu istiqamətdə yekun razılaşma əldə olunmayıb.

İstanbul görüşünün digər məqsədi Avropa və Yaxın Şərq ölkələri arasında siyasi koordinasiyanı gücləndirmək və regional böhranlarla bağlı ortaq yanaşmalar formalaşdırmaqdır.