Gənclər Fondu və Bakcell İnnovasiya və Süni İntellekt təqaüd proqramını elan etdi

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell gənclərin süni intellekt və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün yeni təqaüd proqramı təqdim edib. 18-29 yaş arası gənclər 16 fevrala qədər müraciət edə bilərlər.

58

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell birgə olaraq gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarını inkişaf etdirməyə yönəlmiş yeni təqaüd proqramını təqdim edib.

Təqdimat mərasimi Bakı Konqres Mərkəzində keçirilib. Tədbirdə Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Bakcell-in Baş direktoru Klaus Müller çıxış edərək proqramın gənclərin informasiya texnologiyaları üzrə biliklərinin dərinləşdirilməsi və karyera imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıblar. Tədbir çərçivəsində Gənclər Fondu və Bakcell arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı da imzalanıb.

Tədbirdə 300-dən çox qonaq – dövlət qurumları, gənclər və könüllü təşkilatlarının nümayəndələri tədbirdə iştirak edib.

Uzunmüddətli tərəfdaşlıq çərçivəsində keçiriləcək təqaüd proqramının əsas məqsədi gənclər arasında innovativ düşüncə tərzinin təşviq edilməsi və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasıdır. Təqaüd proqramına seçilmiş gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələrində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin proqramdan yararlanması nəzərdə tutulub.

18-29 yaş arası və IT sahəsində baza biliklərinə malik gənclər www.youthfoundation.az saytında təqaüd proqramında iştirak bölməsinə daxil olaraq 16 fevrala qədər müraciət edə bilərlər. Bu təşəbbüs gənclərin potensialını üzə çıxarmağa, innovasiya ekosistemini gücləndirməyə və gənc mütəxəssislərin formalaşmasına dəstək verməyi hədəfləyir.