“Adidas” 2026-cı il futbol üzrə Dünya Kuboku ərəfəsində ulduzlarla dolu yeni reklam kampaniyasının treylerini təqdim edib. Kampaniyada Hollivud aktyoru Timoti Şalame, musiqiçi “Bad Bunny”, eləcə də futbol dünyasının məşhur simaları — Lionel Messi, Zinəddin Zidan, Devid Bekhem, Lamin Yamal, Cud Bellinqem və digər ulduzlar yer alıb.
“The Wall Street Journal”ın məlumatına görə, “Adidas”-ın Dünya Kuboku üçün hazırladığı əsas reklam çarxında Şalame, həvəskar, lakin son dərəcə iddialı üçə-üç futbol komandasının meneceri obrazında çıxış edir. Reklam şəhər meydançasında keçirilən qeyri-rəsmi futbol qarşılaşması üzərində qurulub və burada həm müasir futbol ulduzları, həm də keçmiş əfsanələr yumoristik və kinematoqrafik səhnələrdə görünür.
Treylerdə Messi, Zidan, Bekhem, Alessandro Del Pyero, Lamin Yamal, Cud Bellinqem, Usman Dembele, Rafinya, Pedri, Florian Virts, Santyaqo Ximenes və Triniti Rodman kimi adların görünməsi kampaniyanı klassik idman reklamından çox pop-mədəniyyət hadisəsinə çevirib. “NDTV Profit” yazır ki, çarx daha çox film treyleri üslubunda hazırlanıb və “Adidas” futbolu musiqi, kino və gənclik mədəniyyəti ilə birləşdirməyə çalışır.
Kampaniya “Adidas”-ın “You Got This” mesajının Dünya Kuboku üçün genişləndirilmiş versiyası kimi təqdim olunur. Brend 2026-cı il turnirinin ABŞ, Kanada və Meksikada keçirilməsini xüsusilə Amerika bazarında mövqeyini gücləndirmək üçün böyük fürsət hesab edir.
Sosial şəbəkələrdə treyler qısa müddətdə geniş müzakirə doğurub. Xüsusilə Şalame və “Bad Bunny”-nin futbol ulduzları ilə eyni kampaniyada yer alması, Adidas-ın Dünya Kuboku reklamını yalnız idman auditoriyasına yox, daha geniş qlobal izləyici kütləsinə yönəltdiyini göstərir.