Bricit Makronu onlayn təqib edən 10 nəfər məhkəmə tərəfindən təqsirli bilindi

Paris məhkəməsi Fransanın birinci xanımı Bricit Makron barəsində saxta transgender iddiaları yayan 10 nəfəri onlayn təqibə görə məhkum edib.

25

Paris məhkəməsi Fransanın birinci xanımı Bricit Makronu onlayn şəkildə təqib edərək onun guya transgender olması barədə saxta iddialar yayan 10 nəfəri təqsirli bilib. Bu barədə Fransa mediası məlumat yayıb.

Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxslər Bricit Makronun kişi kimi doğulduğunu və “Jan-Mişel Troqnyö” adı ilə dünyaya gəldiyini iddia ediblər. Qeyd olunur ki, bu ad əslində onun böyük qardaşına məxsusdur.

Son illər ərzində Bricit Makron və Fransa Prezidenti Emmanuel Makron bu cür əsassız iddialarla dəfələrlə üzləşiblər. Prezident cütlüyü arasındakı 24 illik yaş fərqi də uzun müddət tənqid və istehza mövzusu olub. Lakin Makron ailəsi son dövrlərdə bu hücumlara qarşı hüquqi müstəvidə daha fəal mübarizə aparmağa başlayıb.

Məhkəmənin qərarı Makronlar üçün mühüm hüquqi uğur hesab olunur. Çünki onlar paralel olaraq ABŞ-da sağçı bloqer və podkast aparıcısı Kendis Ouensə qarşı da böhtan iddiası qaldırıblar. Ouens də Bricit Makronun guya kişi kimi doğulduğunu iddia edən şəxslər arasındadır.

Məhkəmənin qərarına əsasən, 8 kişi və 2 qadın Bricit Makronun cinsi kimliyi və seksual yönümü ilə bağlı qərəzli və alçaldıcı şərhlər yaymaqda, hətta prezident cütlüyü arasındakı yaş fərqini “pedofiliya” ilə eyniləşdirməkdə təqsirli bilinib. Onlara 8 aya qədər şərti həbs cəzası verilib.