Misir 35 İslam təşkilatını və 36 nəfəri terror siyahısına daxil etdi

Misir məhkəməsi Avropada və digər ölkələrdə fəaliyyət göstərən 35 İslam təşkilatını və 36 fiziki şəxsi beş il müddətinə terror siyahısına daxil edib. Siyahıda Rusiya ilə əlaqəli təşkilat və din xadimlərinin də adları yer alıb.

14

Misirdə Qahirə Cinayət Məhkəməsi 35 İslam təşkilatının və 36 fiziki şəxsin beş il müddətinə ölkənin terror siyahılarına daxil edilməsi barədə qərar qəbul edib. Siyahıya Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən dini birliklər, eləcə də Rusiya ilə əlaqəli təşkilat və şəxslər düşüb.

MSNews.az xəbər verir ki, qərar 2026-cı il noyabrın 10-da qəbul edilib və Misirin rəsmi «Əl-Vəqai əl-Misriyyə» bülleteninin 250-ci nömrəsinin əlavəsində dərc olunub.

Bu barədə Misirin “Əl-Əhram” nəşri və dövlətin MENA xəbər agentliyi məlumat yayıb.

11108/2026 nömrəli iş üzrə qəbul edilən qərar Avropa Müsəlmanlar Şurası, “Fransa Müsəlmanları”, Britaniya Müsəlman Assosiasiyası, İsveçrə Müsəlman Assosiasiyası və Almaniya İslam İcması da daxil olmaqla çoxsaylı qurumları əhatə edir.

Siyahıda həmçinin Avropa Fətva və Tədqiqatlar Şurası, Avropa İmamlar Şurası, Avropa Müsəlman Qadınlar Şurası və Avropa Humanitar Elmlər İnstitutu kimi dini və təhsil təşkilatları yer alıb.

Qərar Rusiyada fəaliyyət göstərən İslam təşkilatlarını da əhatə edir. Belə ki, “Rusiya İslam Təşkilatları İttifaqı” terror təşkilatları siyahısına daxil edilib.

Terror siyahısına salınan 36 nəfər arasında Məhəmməd Henni, Visam əl-Bardavil və Nidal Əvadulla əl-Hih də var. Onların adları Misir məhkəməsinin dərc olunmuş qərarında göstərilib. Bununla belə, qərarın yayımlanan mətnində həmin şəxslərin vətəndaşlığına dair ayrıca məlumat verilməyib.

Siyahıda tanınmış İslam xadimləri və ictimai fəallar Ənəs ət-Tikriti, İbrahim əz-Zəyyat və Hüseyn Halava da yer alır.

Misir mediasında qərar ölkənin terrorizmə qarşı mübarizə tədbirləri kontekstində təqdim olunur. Məhkəmə qərarına əsasən, adıçəkilən qurumlar və şəxslər beş il müddətinə müvafiq siyahılarda qalacaqlar.

Qeyd edək ki, Misirin qərarı həmin təşkilatların digər ölkələrdə avtomatik qadağan edilməsi demək deyil. Onların Misirdən kənardakı hüquqi statusu müvafiq ölkələrin qanunvericiliyi və səlahiyyətli orqanlarının qərarları ilə müəyyənləşir.