Ukraynaya Qərb ölkələri tərəfindən verilən tankların cəbhədə istifadəsi pilotsuz uçuş aparatlarının geniş yayılması səbəbindən getdikcə daha çox məhdudlaşır.
MSNews.az xəbər verir ki, “The New York Times” Ukraynanın 33-cü əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçilərinə istinadən yazıb ki, Almaniya istehsalı “Leopard 2” tanklarının bir hissəsi hazırda cəbhə xəttindən arxada, meşəlik ərazilərdə kamuflyaj altında saxlanılır və döyüş tapşırıqlarına əvvəlki qədər tez-tez cəlb edilmir. Nəşrin materialını “The New Voice of Ukraine” də yayıb.
Məlumata görə, ucuz FPV-dronların döyüş meydanında kütləvi istifadəsi bahalı zirehli texnikanın hərəkətini son dərəcə riskli edib. Açıq sahəyə çıxan tanklar kəşfiyyat və zərbə PUA-ları tərəfindən sürətlə aşkarlana və zəif hissələrindən vurula bilir.
33-cü briqadanın hərbçiləri bildiriblər ki, tanklardan hazırda daha çox güclü külək, yağış və görünüşün zəif olduğu hava şəraitində istifadə etmək mümkündür. Belə şərait dronların fəaliyyətini məhdudlaşdıraraq zirehli texnikanın hərəkəti üçün nisbətən təhlükəsiz pəncərə yaradır.
Bəzi “Leopard” tanklarının əsas döyüş tapşırıqlarından daha çox sıradan çıxmış texnikanın təxliyəsi üçün istifadə edildiyi də qeyd olunur. Briqadanın texniki xidmət bölməsinin rəhbəri “Energetik” çağırış adlı hərbçi bəzi tankların məhz belə təxliyə əməliyyatları zamanı zədələndiyini bildirib.
Eyni zamanda, tank bölmələrinin şəxsi heyətinin bir hissəsi yeni şəraitə uyğunlaşdırılır. Məlumata görə, 33-cü briqadanın tank taborunun təxminən yarısı artıq PUA operatoru kimi yenidən hazırlanıb. Bununla belə, tank ekipajlarının hazırlığı və texnikanın saz vəziyyətdə saxlanılması davam etdirilir.
PUA-ların cəbhədəki dominantlığı daha geniş tendensiyanın bir hissəsidir. Ukrayna Müdafiə Nazirliyinin iyunda açıqladığı statistikaya görə, 2026-cı ildə Ukrayna qüvvələrinin vurduğu təsdiqlənmiş hədəflərin 90%-dən çoxu dronların payına düşüb.
Bununla belə, mövcud vəziyyəti tankların tamamilə “yararsız” hala gəlməsi kimi qiymətləndirmək düzgün olmaz. Ukraynalı və Qərb hərbi ekspertləri hesab edirlər ki, tankların rolu dəyişir: onların istifadəsi daha çox PUA əleyhinə müdafiə, elektron mübarizə, aktiv qoruma sistemləri və pilotsuz platformalarla inteqrasiyadan asılı olacaq. Avstraliyalı istefada olan general-mayor Mik Rayan da tankların “ölümü” barədə nəticələrin vaxtından əvvəl olduğunu bildirib.