Estoniyanın Rusiya ilə sərhədində yerləşən Vinski kəndi tankəleyhinə xəndəklər və müdafiə istehkamları arasında qalıb. Yeddi təsərrüfatdan ibarət yaşayış məntəqəsi faktiki olaraq möhkəmləndirilmiş kəndə çevrilib.
MSNews.az xəbər verir ki, bu barədə Estoniyanın dövlət teleradio yayımçısı ERR məlumat yayıb. Bildirilir ki, Setomaa bölgəsində yerləşən kənd bir tərəfdən Rusiya ilə sərhəd hasarı, digər tərəfdən isə tankəleyhinə xəndəklər, beton maneələr və müdafiə sədləri ilə əhatələnib.
Yerli sakinlərin əsas narahatlığı kənddən çıxış imkanlarının məhdudlaşması və xəndəklərdə toplanan suyun yaxınlıqdakı əraziləri basması ehtimalıdır.
Kənd sakini Lea Oyamets bildirib ki, xəndəklərin dərinliyi və dik yamacları xüsusilə uşaqlar üçün təhlükə yaradır.
“Əvvəlcə qorxurduq ki, bu xəndəklər o qədər dərindir ki, kimsə ora düşsə, necə çıxacaq? Üstəlik, kənddə məktəbəqədər yaşda uşaqlar da var”, – deyə o qeyd edib.
Sakinlər kəndə aparan əsas avtomobil yolunun bağlanacağı təqdirdə alternativ çıxışın olmamasından da narahat olublar.
Müdafiə istehkamları Estoniya, Latviya və Litvanın sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə həyata keçirdiyi Baltik müdafiə xətti layihəsi çərçivəsində inşa edilir.
Layihə çərçivəsində Setomaa bölgəsində şəxsi torpaq sahələrində təxminən 23 kilometr uzunluğunda tankəleyhinə xəndəklər qazılıb və 28 bunker quraşdırılıb.
Setomaa Birliyinin rəhbəri Marqus Timmo sakinlərin narahatlığını başadüşülən adlandırıb. Onun sözlərinə görə, indiyədək istehkamların kəndə ziyan vurması qeydə alınmayıb və mümkün problemlərin qarşısının alınması üçün tədbirlər görülür.
Artıq Vinski sakinləri üçün xəndəklərin arasından keçən ikinci çıxış yolu yaradılıb. Bundan əlavə, artıq suyun kənarlaşdırılması məqsədilə kəndin yaxınlığında xüsusi gölməçə qazılır.