Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Danışıqlarda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Ukraynaya humanitar yardımlar və Azərbaycanın Qarabağdakı bərpa təcrübəsi müzakirə olunub.
MSNews.az xəbər verir ki, görüş İlham Əliyevin Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakı çərçivəsində baş tutub.
Görüş zamanı Volodimir Zelenski İlham Əliyevi Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.
Prezidentlər Zelenskinin Azərbaycana əvvəlki səfərini və həmin vaxt aparılmış müzakirələri məmnunluqla xatırlayıblar.
Tərəflər Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, özəl sektorlar arasında əməkdaşlığın inkişafı və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə fikir mübadiləsi aparıblar.
Ukrayna Prezidenti Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı sahəsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Görüşün diqqətçəkən məqamlarından biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri olub.
Zelenski Ukraynanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa prosesini böyük maraqla izlədiyini qeyd edib. Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi təcrübənin Ukrayna üçün də əhəmiyyətli ola biləcəyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.