ABŞ-ın 13 ştatından Britaniya və Niderlanda xəbərdarlıq

ABŞ-ın 13 ştatının baş prokuroru Böyük Britaniya və Niderlandı İsrail yaşayış məntəqələrinə qarşı tətbiq edilən sanksiyaları dayandırmağa çağırıb. Əks halda, Avropa şirkətlərinə qarşı iqtisadi tədbirlərin görülə biləcəyi bildirilib.

8

ABŞ-ın Respublikaçılar Partiyasından olan 13 ştatının baş prokuroru Böyük Britaniya və Niderlanda İsrail yaşayış məntəqələrinə qarşı tətbiq edilən sanksiyalarla bağlı xəbərdarlıq edib. Onlar məhdudiyyətlərin aradan qaldırılmayacağı təqdirdə Britaniya və Niderland şirkətlərinə qarşı iqtisadi tədbirlərin görülə biləcəyini bildiriblər.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 9-da “Washington Free Beacon” nəşri məlumat yayıb. Məktub hər iki ölkənin ABŞ-dakı səfirlərinə ünvanlanıb.

Təşəbbüsə Ayova ştatının baş prokuroru Brenna Berd rəhbərlik edib. Müraciəti Alabama, Arkanzas, Florida, Corciya, Kanzas, Luiziana, Missisipi, Missuri, Montana, Ohayo, Oklahoma və Cənubi Karolina ştatlarının baş prokurorları da imzalayıblar.

Məktubda London və Haaqa İsrail yaşayış məntəqələri ilə əlaqəli iqtisadi fəaliyyətə tətbiq edilən sanksiyaları ləğv etməyə və ya onların icrasını dayandırmağa çağırılıb.

Prokurorlar xəbərdarlıq ediblər ki, məhdudiyyətlər davam edərsə, ABŞ-ın müvafiq ştatlarında qüvvədə olan İsrailin boykotuna qarşı qanunlar tətbiq oluna bilər. Bu isə Britaniya və Niderland şirkətlərinin dövlət müqavilələrindən kənarlaşdırılması, həmçinin həmin şirkətlərdən investisiyaların geri çəkilməsi ilə nəticələnə bilər.

Bundan əlavə, müraciət müəllifləri ABŞ Ticarət Nümayəndəliyi vasitəsilə araşdırma başlanması imkanını da gündəmə gətiriblər.

Brenna Berd Avropa ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərin Amerika biznesinə zərər vurduğunu bildirib. Məktub müəllifləri sanksiyaların HƏMAS və “Hizbullah” kimi təşkilatların siyasi məqsədlərinə uyğun olduğunu da iddia ediblər.

Britaniya və Niderland isə məhdudiyyətləri İsrailin işğal altındakı Fələstin ərazilərində saldığı yaşayış məntəqələri və məskunlaşanların zorakılığı ilə mübarizə məqsədilə əsaslandırır.

Britaniya hökuməti 2026-cı ilin sentyabrında qanunsuz yaşayış məntəqələrindən məhsul idxalının qadağan edilməsini və onların genişləndirilməsinə dəstək verən şəxslərə qarşı əlavə tədbirləri elan edib.

Niderlandda isə 22 sentyabr 2026-cı ildən qanunsuz İsrail yaşayış məntəqələrindən gətirilən məhsulların idxalı, alışı və satışı qadağan edilib.

Qeyd edək ki, ABŞ prokurorlarının məktubu hələ iqtisadi sanksiyaların tətbiq edilməsi demək deyil. Söhbət mümkün cavab tədbirləri barədə rəsmi xəbərdarlıqdan gedir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30