İlham Əliyev Dublində 50-yə yaxın liderin iştirak etdiyi Zirvə Toplantısına qatıldı

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib. Sammitdə Avropanın təhlükəsizliyi, enerji, iqtisadiyyat və nəqliyyat bağlantıları müzakirə olunur.

7

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib. Sammitə Avropanın müxtəlif ölkələrindən 50-yə yaxın dövlət və hökumət başçısı qatılıb.

MSNews.az xəbər verir ki, dövlət başçısı toplantıda iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib.

Azərbaycan Prezidentini İrlandiyanın Baş naziri Mixol Martin qarşılayıb. Daha sonra İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib. Tədbirin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.

“Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan sammitdə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi və nəqliyyat bağlantılarının inkişafı əsas müzakirə istiqamətləri sırasındadır.

Toplantının gündəliyinə həmçinin əlçatan enerji, Avropanın təhlükəsizliyi və müdafiə imkanlarının gücləndirilməsi məsələləri daxil edilib.

Bu il Zirvə Toplantısında 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.