Estoniya Baş naziri ABŞ-ın çağırışına qarşı çıxdı

Estoniyanın Baş naziri Kristen Mixal Rusiyaya qarşı sərt ritorikasını yumşaltmaq niyyətində olmadığını bildirib. “Reuters”in məlumatına görə, Pentaqon Baltikyanı NATO müttəfiqlərini Moskva ilə bağlı açıqlamalarında daha təmkinli olmağa çağırıb.

83

Estoniyanın Baş naziri Kristen Mixal Rusiyaya və Prezident Vladimir Putinə qarşı sərt mövqeyindən geri çəkilməyəcəyini bəyan edib. O, ABŞ-ın Baltikyanı ölkələrə Moskva ilə bağlı açıqlamalarını yumşaltmaq çağırışları barədə xəbərlərə münasibət bildirərək Rusiyanın siyasətini açıq şəkildə tənqid etməyə davam edəcəyini vurğulayıb.

MSNews.az xəbər verir ki, Mixal bu barədə Estoniyanın “Delfi” nəşrinə açıqlamasında danışıb.

Baş nazir ABŞ rəsmilərindən şəxsən belə bir tələb almadığını, lakin bunun Estoniyanın mövqeyini dəyişməyəcəyini bildirib. Kristen Mixal Rusiya Prezidenti Vladimir Putinə münasibətdə sərt ifadələr işlədib.

“Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır. Belə vəziyyətdə azadlıq da itirilir”, – deyə Estoniyanın Baş naziri bildirib.

O, Rusiyanın Ukraynada davam etdirdiyi hərbi əməliyyatları tənqid edərək Putinin siyasətinin yalnız beynəlxalq təzyiq vasitəsilə dəyişdirilə biləcəyini iddia edib.

“Putin qadınları və uşaqları öldürən diktatordur. Onu istiqamətini dəyişməyə məcbur edənədək bunu davam etdirəcək”, – deyə Mixal vurğulayıb.

“Reuters” agentliyinin oktyabrın 30-da dərc etdiyi araşdırmaya görə, ABŞ Müdafiə Nazirliyinin nümayəndələri son həftələrdə Estoniya, Latviya və Litvadan olan NATO rəsmilərinə Rusiya ilə bağlı ictimai açıqlamalarda daha təmkinli olmağı tövsiyə ediblər.

ABŞ Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə rəhbər şəxslərindən biri Elbric Kolbinin bu çağırışları çatdıran rəsmilər arasında olduğu bildirilir. Mənbələrin sözlərinə görə, Vaşinqton bəzi Avropa siyasətçilərinin Rusiyanı çıxılmaz vəziyyətdə təsvir etməsinin regionda gərginliyi artıra biləcəyindən narahatdır.

“Reuters” xatırladır ki, Kristen Mixal sentyabrın sonunda Vladimir Putini “küncə sıxılmış siçovul”a bənzətmişdi. Estoniyanın Baş naziri Rusiyanın Ukraynadakı hərbi çətinliklər fonunda Avropa ölkələrinə qarşı təxribat fəaliyyətlərini artırdığını iddia etmişdi.

Amerika rəsmilərinin Baltikyanı ölkələrlə görüşlərində məhz bu cür ifadələrdən çəkinməyi tövsiyə etdikləri bildirilir.

Məlumata görə, ABŞ administrasiyası Rusiya ilə Ukrayna arasında müharibənin diplomatik yollarla başa çatdırılması səylərini davam etdirir. Bu şəraitdə Vaşinqtonun bəzi nümayəndələri sərt ictimai bəyanatların danışıqlar üçün əlavə çətinlik yaratdığını düşünürlər.

Baltikyanı dövlətlər isə Rusiyanın hərbi fəaliyyətini öz milli təhlükəsizliklərinə uzunmüddətli təhdid kimi qiymətləndirirlər.

Pentaqon “Reuters”in sorğusuna cavabında müttəfiqlərlə aparılan məxfi danışıqları şərh etmədiyini bildirib.

Qeyd edək ki, ABŞ-ın müraciətləri barədə məlumatlar anonim mənbələrə əsaslanır. Kristen Mixal isə ona şəxsən belə bir tələb çatdırılmadığını açıqlayıb. Bu səbəbdən Estoniyanın ABŞ-dan birbaşa rəsmi göstəriş alaraq onu rədd etdiyini söyləmək düzgün olmaz.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti