Nəsimi Rayon İcra Hakimiyyətində müvəqqəti rəhbər müəyyənləşdi

Elxan İbrahimovun vəzifədən uzaqlaşdırılmasından sonra Nəsimi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya verilib.

35

Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.

İcra başçısının səlahiyyətləri müvəqqəti olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyevaya tapşırılıb.

Qeyd olunur ki, Gülarə Verdiyeva icra hakimiyyətində fəaliyyətə başlamazdan əvvəl Nəsimi rayonu ərazisində müxtəlif dövrlərdə iki orta məktəbin direktoru vəzifəsində çalışıb, 2013-cü ildə Nəsimi Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib, 2017-ci ildən isə birinci müavin kimi fəaliyyətini davam etdirib.

O, 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd olsa da, mandat qazana bilməyib. Məlumata görə, hazırda Nəsimi Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdə cəmi iki nəfər qalıb ki, bunlardan biri Gülarə Verdiyeva, digəri isə müavin Zahid Xəlilovdur.

Bildirilir ki, icra başçısı vəzifəsi ilə yanaşı, daha bir müavin postu, sektor müdiri–baş mühasib və icra başçısının köməkçisi vəzifələri hazırda vakantdır.

Digər müavin Ramiz Quliyevin isə Elxan İbrahimovun icra başçısı təyin olunmasından dərhal sonra vəzifəsindən azad edildiyi qeyd olunur.

Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsə də, yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunub.