İlham Əliyev Gürcüstan səfirliyində başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, II İlyanın vəfatı ilə bağlı başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

48

Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın Azərbaycandakı səfirliyində olub və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə məlumat Prezidentin rəsmi saytında dərc olunub. 

Rəsmi məlumata görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb. İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb, daha sonra səfirlə söhbət edib.

Prezident İlham Əliyev bildirib ki, II İlya həyatını nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr edib, onun xatirəsi Azərbaycanda daim ehtiramla yad olunacaq. Dövlət başçısı, həmçinin, Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlyanın rolunu xüsusi vurğulayıb.

Prezidentin rəsmi saytında daha əvvəl də İlham Əliyevin II İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu yayımlanmışdı. Həmin məktubda o, Gürcü dini liderini “zəmanəmizin görkəmli din xadimi” adlandırmışdı.

Zurab Pataradze isə səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.