Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın yaxın günlərdə vəzifəsindən istefa verəcəyi iddia olunur.
MSNews.az xəbər verir ki, Türkiyənin “Günebakış” nəşrinin məlumatına görə, Saralın oktyabrın 26-da istefasını açıqlaması gözlənilir. Onun vəzifədən ayrılmasının Azərbaycanda vahid məktəbli forması ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan narazılıqla əlaqəli olduğu bildirilir.
Xatırladaq ki, Oqtay Saral oktyabrın 12-də sosial şəbəkə hesabında Azərbaycanda hicablı şagirdlərin təhsil hüquqlarının məhdudlaşdırıldığını iddia edərək mövcud qaydalara etirazını bildirmişdi.
Onun açıqlaması Azərbaycanda etirazla qarşılanmış, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri və bəzi siyasi şərhçilər tərəfindən ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilmişdi.
Bundan əvvəl xarici mediada Azərbaycan tərəfinin Saralın vəzifədən uzaqlaşdırılmasını Türkiyə hakimiyyətindən tələb etdiyi barədə də iddialar yayılmışdı.
Qeyd edək ki, Oqtay Saralın istefası ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.