Sənan Süleymanov dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Astanada keçirilən dünya çempionatında moldovalı Aleksandrin Qutunu 8:3 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

10

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Bununla da Azərbaycan millisi yarışda ikinci dünya çempionluğunu əldə edib.

MSNews.az xəbər verir ki, oktyabrın 25-də 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov final görüşündə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşıb.

Həlledici qarşılaşmada rəqibinə 8:3 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi dünya çempionu tituluna yiyələnib.

Süleymanov finala gedən yolda da uğurlu çıxışı ilə yadda qalıb. O, yarımfinal mərhələsində İran təmsilçisi Əli Oskunu 2:0 hesabı ilə məğlub edərək qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Bu, Azərbaycan güləşçilərinin gün ərzində qazandıqları ikinci qızıl medal olub.

Daha əvvəl 55 kiloqram çəki dərəcəsində yarışan Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi Balutakini 3:1 hesabı ilə məğlub edərək karyerasında beşinci dəfə dünya çempionu adını qazanıb.

Beləliklə, Azərbaycan yunan-Roma güləşi üzrə dünya çempionatının ikinci yarış gününü iki qızıl medalla başa vurub.

Qeyd edək ki, Astanada keçirilən dünya çempionatı noyabrın 1-dək davam edəcək.