Fransada “Sarı jiletlilər” hərəkatı oktyabrın 31-də ölkə miqyasında yeni etiraz aksiyaları keçirməyə çağırıb. Təşkilatçılar Prezident Emmanuel Makron administrasiyasını və Sebastyan Lekornyünün rəhbərlik etdiyi hökuməti avtoritar meyillərin güclənməsində ittiham edirlər.
MSNews.az xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb. Hərəkatın nümayəndələri oktyabrın 24-də Parisdə keçirdikləri mətbuat konfransında növbəti etirazların ictimai azadlıqların müdafiəsinə həsr olunacağını bildiriblər.
Hərəkatın əlaqələndiricilərindən Benjamin Ball və Azelma Siqo hökumətin etirazçılara münasibətini tənqid edərək vətəndaşların sərbəst toplaşmaq və nümayiş keçirmək hüquqlarının məhdudlaşdırıldığını iddia ediblər.
Oktyabrın 31-də Parisdə Milli Assambleyanın, ölkənin digər şəhərlərində isə bələdiyyə binalarının qarşısında toplantıların və oturaq etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Təşkilatçılar şagirdləri, tələbələri, işçiləri, fermerləri və təqaüdçüləri də aksiyalara qoşulmağa çağırıblar. Məqsəd müxtəlif sosial qrupların hökumətin iqtisadi və sosial siyasətinə qarşı tələblərini birləşdirməkdir.
Etirazların əsas səbəbləri arasında yaşayış xərclərinin artması, əməkhaqları, dövlət xidmətlərinin vəziyyəti və təhlükəsizlik qüvvələrinin nümayişçilərə münasibəti yer alır.
“Reuters” agentliyinin oktyabrın 25-də yaydığı məlumata görə, bir gün əvvəl Fransada keçirilən aksiyalarda Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən, təxminən 410 min nəfər iştirak edib. İctimai asayişin qorunması üçün 70 min polis və jandarm səfərbər olunub.
“Sarı jiletlilər” Makron hökumətindən sosial tələblərə cavab verilməsini və etiraz hüququnun təmin olunmasını istəyirlər. Onların hökumətin avtoritar siyasət yürütməsi ilə bağlı ittihamları siyasi mövqedir və müstəqil şəkildə təsdiqlənmiş hüquqi nəticə kimi təqdim edilmir.