Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında iranlı Payam Əhmədini 3:1 hesabı ilə məğlub edərək beşinci dəfə dünya çempionu olub.

16

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti tarixi uğura imza atıb. Təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanaraq karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.

MSNews.az xəbər verir ki, oktyabrın 25-də 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzizli final görüşündə İran təmsilçisi Payam Əhmədi Balutaki ilə qarşılaşıb.

Gərgin keçən həlledici görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalına sahib çıxıb.

Əzizli finala gedən yolda da inamlı çıxışı ilə yadda qalıb. O, monqolustanlı Davaabandi Munx Erdeneni 9:0, belaruslu Aleksandr Qurevi isə 8:0 hesabı ilə məğlub edib.

Yarımfinalda ötən ilin dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Lolua ilə üz-üzə gələn idmançımız 5:1 hesablı qələbə qazanaraq finala yüksəlib.

Bununla da Eldəniz Əzizli Azərbaycan güləşi tarixində öz rekordunu yeniləyib. Daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olan 34 yaşlı idmançı beşinci qızıl medalını qazanaraq dünya çempionatlarında ən çox qızıl medal əldə edən Azərbaycan güləşçisi mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov da finala yüksəlib. 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz qızıl medal uğrunda Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.

Astanada keçirilən dünya çempionatı noyabrın 1-dək davam edəcək.