Rusiya nüvə qüvvələri üzrə təlimlərə başladı

Rusiya mayın 19-21-də nüvə qüvvələrinin hazırlanması və mümkün tətbiqi üzrə genişmiqyaslı təlimlər keçirir. Təlimlərdə Belarusda yerləşdirilən nüvə silahları ilə bağlı məsələlər də işlənəcək.

Rusiya Silahlı Qüvvələri mayın 19-dan 21-dək nüvə qüvvələrinin hazırlanması və mümkün tətbiqi üzrə təlimlər keçirir. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, təlimlər “təcavüz təhlükəsi şəraitində” nüvə qüvvələrinin idarə olunması, qarşılıqlı fəaliyyətin təşkili və çəkindirmə tədbirlərinin icrası üzrə hazırlığın yoxlanılması məqsədi daşıyır.

MSNews.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir.

Məlumata əsasən, təlimlərə Rusiya Strateji Raket Qüvvələri, uzaqmənzilli aviasiya komandanlığı, Şimal və Sakit okean donanmaları, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin bölmələri cəlb olunub. Təlim çərçivəsində nüvə qüvvələrinin ayrı-ayrı birləşmə və hərbi hissələrinin hazırlıq vəziyyətinə gətirilməsi, eləcə də Rusiya ərazisindəki poliqonlara ballistik və qanadlı raketlərin buraxılışı planlaşdırılır.

Ümumilikdə təlimlərə 64 mindən çox hərbçi, 7800-dən artıq silah və hərbi texnika cəlb edilib. Bunların sırasında 200-dən çox raket buraxılış qurğusu, 140-dan artıq uçuş aparatı, 73 suüstü gəmi və 13 sualtı qayıq var. Sualtı qayıqlardan 8-nin strateji təyinatlı raket sualtı qayığı olduğu bildirilir.

Rusiya Müdafiə Nazirliyi həmçinin Belarus ərazisində yerləşdirilən nüvə silahlarının birgə hazırlanması və mümkün tətbiqi ilə bağlı məsələlərin də təlimlərdə işlənəcəyini açıqlayıb. Daha əvvəl Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə nüvə silahlarının çatdırılması və tətbiqə hazırlanması üzrə təlimlərə başladığını bildirmişdi. Belarus tərəfi təlimlərin əvvəlcədən planlaşdırıldığını, konkret ölkəyə qarşı yönəlmədiyini və regionun təhlükəsizliyinə təhdid yaratmadığını bəyan edib.