ABŞ Senatındakı respublikaçılar Prezident Donald Trampın Pentaqondakı yüksək vəzifələrə irəli sürdüyü iki namizədin təsdiqini bloklamağa hazırlaşırlar. Partiyadaxili fikir ayrılıqları administrasiyanın hərbi təyinatlarına və rekord müdafiə büdcəsi planına ciddi maneələr yaradır.
MSNews.az xəbər verir ki, “The Washington Post” qəzetinin noyabrın 21-də yaydığı məlumata görə, söhbət Ostin Damer və Aleks Veles-Qrindən gedir. Hər iki şəxs bir ildən çox əvvəl Pentaqonun müdafiə siyasəti üzrə rəhbər vəzifələrinə namizəd göstərilib.
Namizədlərin təsdiqinin ləngiməsi respublikaçı senatorlarla Pentaqon rəhbərliyi arasında hərbi strategiya və qərarların qəbuluna dair fikir ayrılıqları ilə əlaqələndirilir. Onların namizədlikləri hələlik Senatda təsdiqlənməyib.
Tramp administrasiyası Hərbi Dəniz Qüvvələri naziri və Quru Qoşunları qərargah rəisi vəzifələrinə təyinatlarda da müqavimətlə üzləşir. Bu isə Pentaqonun rəhbər heyətinin formalaşdırılmasını çətinləşdirir.
Mübahisələr hərbi maliyyələşdirməyə də təsir göstərib. Ağ Ev 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklif edir. Bunun 350 milyard dollarının respublikaçıların səsləri ilə ayrıca qanunvericilik proseduru vasitəsilə təsdiqlənməsi nəzərdə tutulurdu.
Lakin “CBS News” telekanalının məlumatına görə, Senatdakı respublikaçıların lideri Con Tun bu təşəbbüsün qəbul edilməsi üçün kifayət qədər səsin olub-olmadığının hələ aydınlaşmadığını bildirib. Respublikaçıların bir hissəsi demokratlarla razılaşma əldə edilməsinə üstünlük verir.
2026-cı ilin noyabr seçkilərindən sonra demokratların 2027-ci ilin yanvarında Konqresin hər iki palatasına nəzarəti ələ alacağı gözlənilir. Bu səbəbdən Tramp administrasiyasının mübahisəli təyinatları və əlavə hərbi maliyyələşdirməni təsdiqlətmək üçün vaxtı məhdudlaşır.