ABŞ hərbçiləri Hondurasa desant çıxarıb?

ABŞ hərbçilərinin Hondurasın Quanaxa adasına desant çıxarması barədə məlumatlar yayılıb. Bölgədə Amerika hərbi təyyarələrinin müşahidə edildiyi bildirilir. Əməliyyat hələlik rəsmi təsdiqini tapmayıb.

11

ABŞ hərbçilərinin Hondurasın Karib dənizində yerləşən Quanaxa adasına desant çıxardığı barədə məlumatlar yayılıb. Bölgədə Amerika hərbi aviasiyasının fəallığı müşahidə olunsa da, quru əməliyyatının keçirilməsi hələlik rəsmi təsdiqini tapmayıb.

MSNews.az xəbər verir ki, “Defence Blog” nəşrinin məlumatına görə, ABŞ hərbçilərinin noyabrın 21-də səhər saatlarında adaya daxil olaraq narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxsə qarşı əməliyyat keçirdiyi iddia olunur.

Açıq mənbələrdə yayılan məlumatlarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “AC-130J Ghostrider” döyüş təyyarəsinin ada üzərində dövrə vurduğu bildirilir. Ərazidə həmçinin “CH-47F Chinook” hərbi-nəqliyyat helikopterinin fəaliyyəti qeydə alındığı iddia edilir.

“Militarnyi” nəşri də hərbi aviasiyanın fəallığı barədə məlumat yayıb. Bununla belə, təyyarələrin bölgədə olması quru əməliyyatının həyata keçirildiyini təsdiqləmir.

Hadisə ABŞ-nin Mərkəzi Amerika və Karib hövzəsində narkotik qaçaqmalçılığına qarşı hərbi fəaliyyətini genişləndirdiyi dövrə təsadüf edir.

Noyabrın 20-də Honduras Silahlı Qüvvələrinin yaydığı rəsmi məlumata əsasən, ABŞ-nin müdafiə naziri Pit Heqsetin ölkəyə səfəri zamanı tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Vaşinqton Hondurasın təhlükəsizlik qüvvələrinə 2026–2027-ci illər üçün təxminən 13,5 milyon dollar dəyərində avadanlıq və təlim dəstəyi ayırmağı nəzərdə tutub.

Pentaqon və Honduras hakimiyyəti Quanaxa adasında ABŞ desantının iştirak etdiyi əməliyyat barədə rəsmi təsdiq verməyib. İddia olunan əməliyyatın nəticələri, iştirakçı qüvvələrin sayı və mümkün saxlanılmalar barədə də etibarlı məlumat açıqlanmayıb.