Epşteyn dosyesində adı çəkilən slovak diplomat istefa verdi

Ceffri Epşteyn ilə bağlı açıqlanan yeni sənədlərdə adı hallanan slovak diplomat Miroslav Lajçak istefa verib. Slovakiya hökuməti qərarı təsdiqləyib.

38

ABŞ-də yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbsdə olduğu vaxt ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə adı çəkilən slovak diplomat Miroslav Lajçak istefa verib.

Slovakiya mediasının yaydığı məlumata görə, ictimaiyyətə açıqlanan yeni Epşteyn sənədlərində Slovakiya Baş naziri Robert Fitsonun xarici siyasət və milli təhlükəsizlik üzrə müşaviri olan Lajçakın adı da yer alıb.

Sənədlərdə Lajçak ilə Epşteyn arasında aparılan yazışmaların tez-tez şəxsi məzmun daşıdığı, bu yazışmalarda “qadınlar və geosiyasi mövzular” daxil olmaqla müxtəlif məsələlərin müzakirə edildiyi qeyd olunur. Həmçinin Epşteynin, Slovakiyanın xarici işlər naziri olduğu dövrdə Lajçakı evinə dəvət etdiyi iddia edilir. Yazışmalarda ikilinin Slovakiya seçkiləri barədə də tez-tez danışdığı bildirilir.

Lajçak “360.sk” xəbər saytına verdiyi açıqlamada ittihamları rədd edərək bildirib ki, o, Baş nazir Robert Fitso ilə ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon arasında görüş təşkil etməyib və “qadınlar” mövzusu heç vaxt söhbətlərin bir hissəsi olmayıb.

Slovakiya Xəbər Agentliyinin (TASR) məlumatına görə, müxalifət partiyaları Lajçakın adının yeni Epşteyn sənədlərində yer almasına görə onun istefasını tələb edən birgə bəyanat yayıblar. Bundan sonra Lajçak istefa ərizəsini Baş nazir Fitsoya təqdim edib və Fitso istefanı qəbul etdiyini açıqlayıb.

Baş nazir bildirib ki, Lajçak istefa verməklə məsuliyyətli diplomat olduğunu sübut edib. O, həmçinin bu istefa ilə Slovakiyanın diplomatiya və xarici siyasət sahəsində mühüm təcrübə mənbəyini itirdiyini qeyd edib.