“Bulgari”nin rəhbəri Paolo Bulqari 89 yaşında vəfat edib

Dünyaca məşhur “Bulgari” zərgərlik brendinin qlobal lüks imperiyaya çevrilməsində mühüm rol oynayan Paolo Bulqari 89 yaşında vəfat edib.

22

Dünyaca məşhur “Bulgari” zərgərlik evinin uzunillik rəhbəri və brendin beynəlxalq lüks sənayesinin nəhənglərindən birinə çevrilməsində mühüm rol oynamış italiyalı iş adamı Paolo Bulqari 89 yaşında vəfat edib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Bulqarinin ölümü noyabrın 21-də ailəsi tərəfindən elan edilib və hazırda Fransanın LVMH qrupuna məxsus olan şirkət tərəfindən təsdiqlənib.

1937-ci ildə Romada anadan olan Paolo Bulqari brendin banisi, yunan əsilli zərgər Sotirios Vulqarisin nəvəsi idi. O, 1960-cı ildə ailə biznesinə qoşulub və qısa müddətdə qiymətli daşlar üzrə tanınmış mütəxəssislərdən birinə çevrilib.

1984-cü ildən şirkətə rəhbərlik edən Bulqari qardaşı Nikola və qardaşı oğlu Françesko Trapani ilə birlikdə ailə biznesini beynəlxalq lüks brendə çevirib. Onun rəhbərliyi dövründə şirkət zərgərlikdən saat, ətir, aksesuar və hotelçilik sahələrinə qədər genişlənib.

Brendin məhsulları Elizabet Teylor, Sofi Loren, Odri Hepbern, Nikol Kidman və Ancelina Coli kimi dünya ulduzlarının seçimləri arasında yer alıb.

2011-ci ildə Bulqari ailəsi şirkətdəki nəzarət payını təxminən 5 milyard dollar dəyərində razılaşma ilə Fransanın LVMH qrupuna satıb. Paolo Bulqari sonradan bu qərarı ağır, lakin şirkətin gələcəyini və minlərlə əməkdaşının iş yerini qorumaq üçün zəruri addım kimi qiymətləndirib.

LVMH-nin rəhbəri Bernard Arno Bulqarinin vəfatı ilə bağlı başsağlığı verərək onun brendin uğurlarında, italyan üslubunun və Roma irsinin qorunmasında mühüm rol oynadığını vurğulayıb.

“ANSA” agentliyinin məlumatına görə, Paolo Bulqari ömrünün son illərinə qədər zərgərlik sənətinə marağını qoruyub və yeni dizaynlar üzərində işləməyə davam edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30