ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər (UNO) və izahı tapılmamış anomal hadisələrlə bağlı 43 yeni fayldan ibarət sənədlər paketini ictimaiyyətə açıqlayıb. Materiallar arasında hərbi müşahidələrə dair videolar və 538 səhifəlik araşdırma hesabatı da var.
MSNews.az xəbər verir ki, “CBS News” telekanalının məlumatına görə, noyabrın 20-də yayımlanan sənədlər Pentaqonun UNO-larla bağlı məlumatların açıqlanması proqramı çərçivəsində təqdim etdiyi səkkizinci paketdir.
Yeni materiallarda 2020-ci ildə Yaxın Şərqdə qeydə alınmış naməlum obyektlərə dair hərbi görüntülər də yer alıb. Onlardan birində ABŞ hərbi platformasının infraqırmızı kamerası qarşısından keçən parlaq obyekt təsvir olunur. Obyektin mənşəyi müəyyənləşdirilməyib.
Sənədlərin ən diqqətçəkən hissələrindən biri 2009-cu ilin iyulunda “Bigelow Aerospace Advanced Space Studies” (BAASS) şirkətinin ABŞ Müdafiə Kəşfiyyatı Agentliyi üçün hazırladığı 538 səhifəlik “Ten Month Report” hesabatıdır.
Hesabatda ABŞ-nin Yuta ştatında yerləşən və uzun illər UNO müşahidələri, eləcə də paranormal hadisələr barədə iddialarla tanınan Skinuoker rançosunda (Skinwalker Ranch) aparılmış araşdırmalara yer verilib. Sənəddə naməlum mənşəli olduğu iddia edilən materialların və bioloji nümunələrin saxlanılması üçün yüksək mühafizəli yeraltı anbar yaradılması planından da bəhs olunur.
Pentaqonun açıqladığı sənədlər naməlum hadisələrlə bağlı əvvəlki araşdırmaları və müşahidələri əks etdirsə də, onlar yadplanetli həyatın və ya mənşəyi Yerdən kənar texnologiyaların mövcudluğunu təsdiqləmir. ABŞ rəsmiləri bir sıra hadisələrin kifayət qədər məlumat olmadığı üçün hələ də izahsız qaldığını bildirirlər.