Suriyalı lider haqqında şok iddia: İŞİD əsiri danışdı

İŞİD-in əsirliyində olmuş yezidi qadın Suriya Prezidenti Əhməd əş-Şaraanı saxlanıldığı evdə gördüyünü iddia edib. Berlində səsləndirilən ifadə yeni müzakirələrə səbəb olub.

16

İŞİD terror təşkilatının əsirliyində olmuş yezidi qadın Suriyanın hazırkı Prezidenti Əhməd əş-Şaraanı (Əbu Məhəmməd əl-Culani) İraqda əsir saxlanıldığı evdə şəxsən gördüyünü iddia edib. Qadın bildirib ki, həmin vaxt ona əş-Şaraaya çay vermək tapşırılıb və o, qadının əsir olduğunu bilib.

MSNews.az xəbər verir ki, “Rudaw” və “Shafaq News” nəşrlərinin məlumatına görə, İxlas Xıdır adlı qadın noyabrın 18-də Berlində keçirilən yezidi soyqırımı üzrə beynəlxalq həqiqət komissiyasının dinləmələrində ifadə verib.

Qadın əş-Şaraanı gördüyünə əmin olduğunu vurğulayaraq “Onu öz gözlərimlə gördüm, 100 faiz” deyib. O, Suriya liderinin də onu gördüyünü, lakin şəxsən cinsi zorakılığa məruz qoymadığını bildirib.

“Zaman al-Wasl” nəşri əvvəlki ifadələr və hadisələrin xronologiyası əsasında iddianın doğruluğunu şübhə altına alıb. Suriya hökumətinin isə ittihamlara dair rəsmi cavabı barədə məlumat yoxdur.

Dinləmələr noyabrın 16–18-də Almaniyada yezidi soyqırımına həsr olunmuş ilk icma əsaslı həqiqət komissiyası çərçivəsində keçirilib. Təxminən 30 zərərçəkmiş İŞİD-in 2014-cü ildə İraqın Sincar bölgəsini ələ keçirməsindən sonra törətdiyi qətllər, işgəncələr, zorlamalar və məcburi evliliklər barədə ifadə verib.

“Reuters” agentliyinin məlumatına görə, keçmiş BMT İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pillayın da daxil olduğu komissiya cinayətlərin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunal yaradılmasını istəyir.

Qeyd edək ki, əvvəllər Əbu Məhəmməd əl-Culani adı ilə tanınan əş-Şaraa 2011-ci ildə Suriyada fəaliyyət göstərən “Ən-Nusra” Cəbhəsinə rəhbərlik edib. Sonradan “Heyət Təhrir əş-Şam” təşkilatına başçılıq edən əş-Şaraa 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ölkənin rəhbərliyinə gəlib.