Nigeriyada bazara silahlı hücum: 30-dan çox ölü və girovlar var

Nigeriyanın Niger ştatında silahlı şəxslər Kasuvan-Daji bazarına hücum edərək ən azı 30 nəfəri öldürüb və bir neçə şəxsi girov götürüb. Hücum motosikletlə gerçəkləşib və qadınlarla uşaqlar da hədəf olub.

40

Nigeriyanın Niger ştatında silahlı şəxslər bazara hücum edərək ən azı 30 nəfəri öldürdüyü və bir neçə insanı qaçırdığı bildirilib. Hücum bazar sahibləri və sakinlər arasında böyük təşvişə səbəb olub. MSNews.az SAMAA TV-yə istinadən xəbər verir.

Polis rəsmisi Vasiu Abiodunun verdiyi açıqlamaya görə, silahlı qruplaşma üzvləri şənbə günü yerli vaxtla  saat 16:30 radələrində Demo kəndindəki Kasuvan-Daji bazarına daxil olaraq piştaxtaları yandırıb və qida məhsullarını yağmalayıb. Hadisə zamanı küçələrdə atəş açılması nəticəsində ən azı 30 nəfər həlak olub, bəziləri isə girov götürülüb. Qadınlar və uşaqlar da hücumlardan qorunmayıb.

Şahidlərin verdiyi məlumata görə, hücum edənlər motosikletlə gəlmiş və qəsdən atəş açaraq qarışıqlıq yaratmışlar. Bu zorakılıq, yaxın qəsəbələrdə, xüsusilə, Aqvarra və Borqu kəndləri ətrafında əvvəlcədən başlayan silahlı basqınların davamı kimi qiymətləndirilir. Yerli sakinlər hücum başladıqdan sonra təhlükəsizlik qüvvələrinin görünmədiyini və bu səbəbdən çox sayda insanın qaçmağa məcbur olduğunu bildiriblər.

Polis girov götürülənlərin xilas edilməsi üçün əməliyyatlar apardığını və işə davam edildiyini bildirib. Hücumlar Nigeriyada uzun müddətdir davam edən təhlükəsizlik problemi — silahlı qruplaşmaların, quldurların və terror təşkilatlarının fəaliyyətlərinin göstəricisi kimi qiymətləndirilir.