Rusiya ordusunun sənədləri açıq teleqram qrupunda qalıb

“ASTRA”nın məlumatına görə, Rusiya ordusunun 5-ci ordusuna aid olduğu bildirilən sənədlər və xidməti məlumatlar təxminən bir il açıq teleqram qrupunda paylaşılıb.

15

Rusiya ordusuna aid olduğu bildirilən xidməti sənədlərin və hərbi məlumatların uzun müddət açıq teleqram qrupunda yerləşdirildiyi iddia olunur.

MSNews.az xəbər verir ki, Rusiyanın müstəqil “ASTRA” nəşri “Blyadskaya organizasiya” adlı açıq teleqram qrupunda təxminən bir il ərzində 143-cü qvardiya motoatıcı alayının qərargah rəisləri, siyasi işlər üzrə müavinləri və idarə zabitləri üçün “Yandex Telemost” videokonfranslarına keçidlərin yayımlandığını bildirir.

“ASTRA”nın məlumatına görə, həmin qrupda hərbçilərlə bağlı siyahılar, videomüşahidə sistemlərinə dair cədvəllər, sursat təminatı üçün müraciətlər, PUA yayımlarına giriş məlumatları və digər xidməti materiallar da paylaşılıb. Nəşr iddia edir ki, qrupda Rusiya ordusunun 5-ci ordusunun qərargahına aid sənədlər də yer alıb.

Ukraynanın “Focus” nəşri də “ASTRA”ya istinadən yazır ki, sənədlər arasında operativ maskalanma, saxta mövqelərin yaradılması, informasiya-psixoloji əməliyyatlar və radio rabitə vasitəsilə yanıltma planları ilə bağlı materiallar olub. Bildirilir ki, bu sənədlər Ukrayna kəşfiyyatını çaşdırmaq üçün saxta hərbi obyektlərin və mövqelərin imitasiya edilməsini nəzərdə tuturdu.

Məlumata əsasən, qrupda konkret hərbi birləşmələrin adları və əməliyyat bölgələrinə dair göstəricilər də yer alıb. Lakin təhlükəsizlik səbəbindən bu məlumatların detalları açıq şəkildə təqdim edilmir.

“ASTRA” yazır ki, qrup təxminən bir il fəaliyyət göstərib və mayın əvvəlində aktivliyini dayandırıb. Bundan əvvəl administratorlardan biri qrupda kənar şəxslərin peyda olmasına diqqət çəkərək mümkün məlumat sızmaları barədə xəbərdarlıq edib.

Məlumat yayılandan sonra Rusiyaya yaxın bəzi hərbi blogerlər orduda yoxlama başladığını iddia ediblər. Bununla belə, Rusiya Müdafiə Nazirliyi və ya Rusiya Silahlı Qüvvələri tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisə təsdiqlənərsə, bu, Rusiya ordusunda informasiya təhlükəsizliyi və rabitə intizamı baxımından ciddi boşluq kimi qiymətləndirilə bilər.