Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirakını yüksək qiymətləndirərək onların xidmətlərinin heç vaxt unudulmayacağını bəyan edib.
MSNews.az xəbər verir ki, Putin bu barədə noyabrın 16-da Moskvada Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Ço Yon Von ilə görüşündə danışıb.
Rusiya lideri Şimali Koreya hərbçilərinin Kursk vilayətinə nəzarətin bərpasında iştirakını iki ölkənin hərbi əməkdaşlığında yeni mərhələ adlandırıb.
“Rusiyalı hərbçilərlə çiyin-çiyinə döyüşən koreyalı əsgərlərin qəhrəmanlığını heç vaxt unutmayacağıq”, – deyə Putin vurğulayıb.
“Yonhap” agentliyinin məlumatına görə, Rusiya 2026-cı ilin sonunadək Kurskda Rusiya və Şimali Koreya hərbçilərinin birgə döyüşlərinə həsr olunmuş abidə açmağı planlaşdırır.
Putin həmçinin Şimali Koreyanın istehkamçı və hərbi mühəndis bölmələrinin Kursk vilayətində infrastrukturun bərpasına verdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşün sonunda Rusiya Prezidenti Şimali Koreya lideri Kim Çen Ina dostluq salamlarının və xoş arzularının çatdırılmasını xahiş edib.
“Reuters” agentliyinin məlumatına görə, Şimali Koreya 2024-cü ildən Rusiyaya hərbi dəstək göstərir. Ukrayna və Cənubi Koreyanın hesablamalarına əsasən, Pxenyan Rusiyaya təxminən 14-15 min hərbçi göndərib.