Türkiyədə 96 illik qanun ləğv edildi: Fahişəxanaların hüquqi statusu dəyişir

Türkiyə Konstitusiya Məhkəməsi fahişəxanaların dövlət nəzarəti altında fəaliyyətini tənzimləyən 1930-cu il qanununun 128-ci maddəsini ləğv edib. Qərar 17 noyabr 2026-cı ildə qüvvəyə minib.

27

Türkiyə Konstitusiya Məhkəməsi fahişəxanaların dövlət nəzarəti altında fəaliyyət göstərməsinə hüquqi əsas yaradan 96 illik qanun müddəasını ləğv edib. Qərar ölkədə bu müəssisələrin gələcək hüquqi statusu ilə bağlı suallar yaradıb.

MSNews.az xəbər verir ki, məhkəmənin 16 iyul 2026-cı ildə yekdilliklə qəbul etdiyi qərar noyabrın 17-də Türkiyənin Rəsmi Qəzetində dərc olunaraq qüvvəyə minib.

Qərara əsasən, 24 aprel 1930-cu il tarixli, 1593 saylı “Ümumi sanitariya haqqında” Qanunun 128-ci maddəsinin birinci bəndi ləğv edilib. Həmin müddəa Səhiyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyinə fahişəxanaların fəaliyyətini, tibbi nəzarət və sanitariya qaydalarını tənzimləmək səlahiyyəti verirdi.

Türkiyənin “Habertürk” nəşrinin məlumatına görə, məhkəmə bu hüquqi mexanizmi Konstitusiyanın 5-ci və 17-ci maddələrinə zidd hesab edib. Həmin maddələr dövlətin əsas vəzifələrini, eləcə də şəxsin fiziki və mənəvi toxunulmazlığının qorunmasını nəzərdə tutur.

Məhkəmə vurğulayıb ki, dövlətin fahişəliyi inzibati qaydada tənzimləməsi bu fəaliyyətin insan ləyaqəti ilə uyğunlaşması anlamına gəlmir.

Qərarın əsaslandırılmasında yoxsulluq, iqtisadi çətinliklər, insan alveri və istismar kimi amillərin şəxsləri seks sənayesinə yönəldə biləcəyi qeyd olunub. Məhkəmə hesab edib ki, dövlət yalnız bu fəaliyyətə nəzarət etməklə kifayətlənməməli, insanları istismara məruz qoyan sosial və iqtisadi şəraitlə də mübarizə aparmalıdır.

Türkiyədə onilliklər ərzində bəzi fahişəxanalar dövlət icazələri əsasında fəaliyyət göstərib, tibbi yoxlamalara və vergi nəzarətinə cəlb olunub. Yeni qərar həmin sistemin əsas hüquqi dayaqlarından birini aradan qaldırır.

Bununla belə, qərar Türkiyədə bütün fahişəxanaların dərhal bağlanması və ya fahişəliyin bütün formalarının avtomatik cinayət elan edilməsi demək deyil. Mövcud müəssisələrin fəaliyyətinə dair konkret inzibati tədbirlər ayrıca hüquqi prosedurlardan asılı olacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.