Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Ankarada qəbul edib. Görüş Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə toplantısı çərçivəsində baş tutub. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətini və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Oktyabrın 30-da baş tutan görüş Türkiyənin paytaxtı Ankarada yerləşən Prezident Kompleksində təşkil olunub.
Türkiyə Prezident Administrasiyasının açıqlamasına görə, Ərdoğan “Türk əsri: Dildə, fikirdə, işdə birlik” mövzusu altında keçirilən TDT-nin XIII Zirvə görüşündən sonra ikitərəfli diplomatik təmaslarını davam etdirib.
Bu çərçivədə Azərbaycanı sammitdə təmsil edən xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti tərəfindən qəbul olunub. Görüş mətbuata qapalı keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, qəbul zamanı iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib.
Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi məsələləri də müzakirə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.